Bu gün sürətlə inkişaf edən enerji sektorunda elektrik enerjisindən səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir. Enerji səmərəliliyinin artırılması istiqamətində atılan vacib addımlardan biri də elektrik enerjisindən qənaətlə istifadə olunmasıdır. Bu yanaşma enerji itkilərinin azaldılmasına xidmət etməklə yanaşı, enerji və ekologiya sahələrinə də müsbət təsir göstərən mühüm amillərdəndir.
Elektrik enerjisi itkilərinin azaldılması məqsədilə enerjiyə qənaətin təşviqi prioritet vəzifələrdən biridir. Bu yanaşma uzunmüddətli iqtisadi və ekoloji faydalar əldə etməyə imkan yaradır.
Elektrik enerjisinə qənaətin əhəmiyyəti
Enerji səmərəliliyi tədbirləri elektrik enerjisindən optimal istifadəni təşviq edərək istehlakçıların enerji xərclərinin azalmasına kömək edir.
Elektrik enerjisinə olan tələbatın azalması ənənəvi yanacaq növlərindən - neft və qazdan enerji istehsalına olan asılılığı azaldır. Nəticədə karbon emissiyaları və ətraf mühitə mənfi təsir minimuma enir. Eyni zamanda, elektrik enerjisindən səmərəli istifadə günəş və külək kimi bərpa olunan enerji mənbələrinin şəbəkəyə daha geniş inteqrasiyasına şərait yaradır. Belə ki, aşağı enerji sərfiyyatı fonunda bərpa olunan enerji mənbələrinin istehsal etdiyi enerjidən daha səmərəli istifadə etmək mümkün olur. Bu yanaşma tükənə bilən resurslara olan tələbatı azaltmaqla qlobal dayanıqlılıq hədəfləri və milli enerji keçidi siyasətləri ilə uzlaşır, ekoloji dayanıqlılığa töhfə verir.
Lazımsız enerji istehlakının azaldılması şəbəkənin yüklənməsini minimuma endirir, elektrik yükünün daha balanslı paylanmasını təmin edir, şəbəkənin sabitliyini artırır, qəza riskini azaldır və ümumi dayanıqlılığı gücləndirir.
Elektrik enerjisinə necə qənaət etmək olar?
İstifadə olunmayan elektrik cihazlarını şəbəkədən ayırın. Çünki bəzi cihazlar istifadə edilmədiyi halda belə enerji sərf edir. Gündüz saatlarında təbii işıqdan maksimum istifadə edərək işıqlandırma cihazlarından istifadəyə ehtiyacı azaldın. Bu məqsədlə fotosensor elementlərdən də istifadə oluna bilər.
Daha yüksək enerji səmərəliliyi sinfinə malik məişət texnikasına üstünlük verin. Belə cihazlar adi texnikaya nisbətən daha az enerji sərf edir və daha uzunömürlü olur.
Kondisioner və istilik sistemlərinin temperaturunu optimal səviyyədə saxlayın. Bina izolyasiyasını gücləndirmək, pəncərə və qapılardakı sızmaları aradan qaldırmaq istilik itkisinin qarşısını almağa və enerji səmərəliliyini artırmağa kömək edir.
Ağıllı cihazlar vasitəsilə elektrik avadanlıqlarının işləmə müddətini tənzimləyin, hərəkət sensorlu işıqlandırma sistemlərindən istifadə edin, invertor texnologiyalı kondisioner və soyuducular seçin. Həmçinin ağıllı sistemlər vasitəsilə istifadəsinə ehtiyac olmayan, lakin şəbəkədə unudulmuş cihazları avtomatik şəkildə ayırmaq mümkündür. Bununla yanaşı, optimal temperatur rejimi müəyyən etməklə kombi və kondisioner cihazlarının daha səmərəli işləməsini təmin etmək olar.
Günəş panelləri quraşdırmaqla ev və ya ofisinizdə elektrik enerjisi xərclərinə qənaət edə bilərsiniz.
Bu üsullar elektrik enerjisindən daha səmərəli istifadə etməyə, enerji xərclərini azaltmağa, elektrik enerjisi itkilərinin qarşısını almağa və ətraf mühitin qorunmasına töhfə verməyə imkan yaradır.
Digər xəbərlər
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 12 Mart 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026