Bəli, Siz Elektron Hökumət Portalına (www.e-gov.az) daxil olmaqla “Azərişıq" ASC-nin təkmilləşdirilmiş Elektron Müraciətlərin İdarə Olunması Sistemi (MİOS) vasitəsilə elektrik təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn müraciət edə bilərsiniz. Qeyd olunan sistem üzərindən müraciət zamanı sizdən heç bir sənəd təqdim etməyiniz və ya elektron nüsxəsini göndərməyiniz tələb olunmur. Sözügedən elektron sistem digər dövlət orqanlarının oxşar sistemləri ilə inteqrasiya edildiyindən, sadəcə olaraq, həmin sənədlərin qeydiyyat nömrələrini onlayn tətbiqetməyə daxil edib, tikinti obyektinizə tələb olunan gücü seçməklə müraciətinizi həyata keçirdə bilərsiniz.
Bəli, Siz elektrik təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn müraciət zamanı tələb etdiyiniz gücə uyğun olaraq sistem tərəfindən ödəyəcəyiniz məbləğ avtomatik olaraq hesablanır. Əgər tikinti obyektiniz mövcud 0,4 kV-luq şəbəkənin əhatə dairəsindədirsə, yəni ki güc mənbəyindən olan məsafə 400 metr-ə qədər olduqda sistem sizə onlayn ödənişi həyata keçirməyə icazə verir.
a) Onlayn müraciət üçün kifayət qədər təcrübəsi olmayan sahibkarlar, enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı müraciətlərini kiçik və orta biznes evləri və “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçirdə bilərlər. b) Eyni zamanda sahibkarlar “ASAN Kommunal” mərkəzlərində yaradılmış özünəxidmət pəncərələrindən ASAN könüllülərinin köməyindən istifadə edərək onlayn müraciət edə bilərlər.
Sahibkarlar mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi ilə birlikdə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edə bilərlər. Əgər mülkiyyətçi özü deyil, onun yerinə digər bir şəxs müraciət edərsə, mülkiyyətçinin notarial qaydada həmin şəxsə verdiyi etibarnaməni təqdim etməlidir. Tələb olunan sənədlər barədə geniş məlumatı https://asan.gov.az səhifəsindən əldə edə bilərsiniz.
a) “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 20 (iyirmi) və 10 (on) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği müəyyən edilmişdir. http://www.e-qanun.az/framework/38679 b) Eyni zamanda Siz tələb olunan gücə görə ödəyəcəyiniz vəsaiti www.azerishiq.az internet səhifəsində yerləşdirilmiş KALKULYATOR vasitəsi ilə hesablaya bilərsiniz.
Sahibkarların tikinti obyektlərinə əlavə güc alması (bu şərtlə ki, əlavə güc verildiyi halda tikinti obyektinə bütövlükdə veriləcək güc 150 kVt-dan çox olmasın) tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə sözügedən Fərmanla müvafiq qurumların nümayəndələrindən ibarət Texniki Şura yaradılmışdır. Texniki Şura elektrik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, elektrik xətlərinin çəkilməsinin razılaşdırılması tələb olunan qurumların, habelə avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin), yerli icra hakimiyyəti orqanlarının və qanunla nəzərdə tutulan digər qurumların rəyinin alınmasını təmin etməlidir. Bu məqsədlə Texniki Şura bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdiyi gündən etibarən 1 (bir) gün ərzində üzv qurumlarla birlikdə tikinti obyektinə ən yaxın məsafədə yerləşən enerji mənbəyini, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi üçün optimal trassanı (yolu) və həmin trassa (yol) üzrə elektrik xətlərinin çəkilməsi üçün rəyi tələb olunan qurumları müəyyənləşdirir.
Tikinti obyektinin ETŞ-yə qoşulması ilə əlaqədar elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 2-ci hissəsinə uyğun olaraq verilmiş texniki şərtlərə əsasən 10 (on) gün müddətində yerinə yetirilir. Tikinti-quraşdırma işləri yekunlaşan gün ETŞ-yə fiziki qoşulma həyata keçirilərək tikinti obyektinə elektrik enerjisinin verilməsi təmin edilir. İşlər yekunlaşan gün qeyd olunan sənədlər toplusu sahibkara təqdim edilir: texniki şərtlər, layihə sənədləri, ETM ilə sifarişçi arasında qoşulma aktı və elektrik enerjisinin alqı-satqı müqaviləsi
Sahibkar ETM tərəfindən verilmiş sənədlər toplusunu və ya sənədlərdən hər hansı birini itirdikdə, sənədlərin dublikatını almaq üçün KOB evlərinə, “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.7-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 3.8 bəndinə əsasən, Qoşulma aktı imzalandığı halda ETM elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaqdan imtina edə bilməz.