Bakının işıqları, Bakının gecələri, Bakının sayrışan ulduzları, ifadəsi ötən əsrin 60-cı, 80-ci illərində şerdə, sənətdə, mahnılarda vəsf olunan mövzulardan olub. O illərin Bakısını görənlər nostalji duyğularla Bakının özünəməxsus gecələrini xatirlayırlar. Bulvar boyu sayrışan gecə lampaları, üzü Dağüstü parka qalxan funikulyorun rəngarəng işıqları yaşlı və orta nəslin yaddaşında ilginc duyğulu hisslərlə yaşamaqdadır. Elektrik enerjisinin müvafiq qaydada istehsalı, ötürülməsi, paylanması nə qədər texniki bir məsələdirsə, onun nəticəsi - Qədim Bakının küçə və meydanlarını, tarixi memarlıq abidələrini - "Qız qalası"nı, "Şirvanşahlar sarayı"nı, "İsmailiyyə" binasını, eləcə də son illər tikilən milli ornamentli, şərq üslüblü binaları işıqlandırması estetik bir nəticədir. Sırf mühəndis-texniki bir vasitə ilə istehsal olunan elektrik enerjisi istehlak məqamında estetik bir gözəllik mənbəyinə, bədii bir obraza çevrilib insanların zövqünü oxşayır, şerə, nəğməyə dönür.

"Bakının işıqları" təsədüfən və ya keçmiş SSRİ məkanında deyildiyi kimi "İliç lampası" ilə yaranmayıb. Bunun daha qədim tarixi var. Hətta Avropanın bugünkü, ən inkişaf etmiş şəhərlərindən daha öncə Bakıda elektrik enerjisi istehsal və istehlak olunub.