• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Prezident İlham Əliyev İsmayıllı rayonunda yenidən qurulan “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib

Paylaşma tarixi: 25 avqust 2018


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib.

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verdi.

 

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb. Bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. İsmayıllı rayonunda da energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı prioritet məsələlərdən olub. İsmayıllı Elektrik Şəbəkəsinin xidməti ərazisində son üç ildə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, inkişafda olan turizm, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, üç kəndin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla da İsmayıllı Elektrik Şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər ciddi şəkildə azalıb.

 

 

 

Diqqətə çatdırılıb ki, bu sahədə işlər hazırda da davam etdirilir. Yaxın perspektivdə 110/10 kilovoltluq “Qubaxəlilli” yarımstansiyasının yenidən qurularaq 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, 35/10 kilovoltluq “Ağçay” yarımstansiyasının tikilməsi nəzərdə tutulur.

 

Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyasını işə saldı.

 

 

 

Məlumat verildi ki, “İsmayıllı” yarımstansiyası istismar müddətini başa vurduğundan müasir üslubda tamamilə yenidən qurulub. Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhərinin və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatik sistemlərlə təchiz edilib, məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. Ümumiyyətlə, 22 min 148 abonentin elektrik enerjisi ilə təmin edilməsi 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyası vasitəsilə yerinə yetirilir.

 

 

 

Bildirildi ki, rayonun Topçu, Buynuz, Sumağallı, Çayqovuşan, İstisu və Qalacıq kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılan obyektlərin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün 110/35/10 kilovoltluq 10 MVA gücündə “Topçu” yarımstansiyası inşa edilib. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə təxminən 1200 abonentin elektrik təchizatı həyata keçirilir. Yarımstansiyanın fəaliyyətə başlaması üçün işlər davam etdirilir. İsmayıllı rayonunun Basqal qəsəbəsinin və ətraf kəndlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 35/10 kilovoltluq 2,5 MVA gücündə “Yeni Basqal” yarımstansiyası da inşa edilib və istismara verilib. Yarımstansiyanı qidalandıran 35 kilovoltluq “Basqal” hava xəttinin 2,3 kilometrlik hissəsi əsaslı təmir olunub, 5,5 kilometrlik hissəsi isə yeni çəkilib.

 

Qeyd olundu ki, İsmayıllı Elektrik Şəbəkəsində 23 min 403 abonent mövcuddur. Onlardan 21 min 382-si əhali, 2021-i isə qeyri-əhali qrupuna aiddir.

 

Sonda xatirə şəkli çəkdirildi.