Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma tədbirində iştirak ediblər.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Mərkəz haqqında məlumat verdi.
Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan Rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.
Diqqətə çatdırıldı ki, Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları online qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.
Prezident İlham Əliyev Mərkəzin təməlini qoydu.
Qeyd edək ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından sonra “Azərişıq” ASC tərəfindən paylayıcı şəbəkələrin yaşıl enerji zonası tələbləri üzərində qurulmasına start verilib və “ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb.
Digər xəbərlər
- “Azərişıq” ASC Kürdəmirdə elektrik şəbəkəsinin yenilənməsi işlərini davam etdirir 03 Avqust 2024
- “Azərişıq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir. 10 Yanvar 2024
- Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması “Azərişıq” ASC–nin prioritet istiqamətlərindən biridir. 09 Sentyabr 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul edib. 29 Aprel 2024
- Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı yeni qaydalar 11 İyun 2024