Məşğulluq haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də vətəndaşların əmək sahəsində və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. məşğulluq  Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra  vətəndaşların) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir;

1.0.2. müvəqqəti məşğulluq  vətəndaşların müəyyən müddət ərzində ictimai-səmərəli fəaliyyətidir;

1.0.3. əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli əhali  Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş aşağı və yuxarı yaş həddi arasında olan və hər hansı əmək fəaliyyətini həyata keçirmək iqtidarında olanlardır;

1.0.4. işsiz vətəndaş  işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir;

1.0.5. vakansiya  işəgötürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeridir;

1.0.6. özünüməşğulluq  əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir;

1.0.7. əmək bazarı  iş qüvvəsinə olan tələb və təklifin məcmusudur;

1.0.8. kvota  müvafiq icra hakimiyyəti orqanları tərəfindən işəgötürənlərə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır;

1.0.9. ilk dəfə işaxtaranlar  əmək fəaliyyətinə ilk dəfə başlamaq istəyən və əvvəllər işləməyən əmək qabiliyyətli şəxslərdir.

Maddə 2. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Məşğul şəxslər

3.0. Məşğul şəxslərə aşağıdakılar aiddir:

3.0.1. muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;

3.0.2. sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;

3.0.3. haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər;

3.0.4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər;

3.0.5. əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar;

3.0.6. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

3.0.7. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

Maddə 4. İşsiz statusu verilməsi qaydaları

4.1. İşi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər.

4.2. Vətəndaş yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydə alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər.

4.3. İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, müvafiq icra hakimiyyəti orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir.

4.4. İşsizlərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

4.5. İşsiz statusu almaq hüququ olmayan vətəndaşlar aşağıdakılardır:

4.5.1. 15 yaşına çatmayanlar;

4.5.2. pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar;

4.5.3. qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz);

4.5.4. ilk dəfə işaxtaranlar;

4.5.5. azadlıqdan məhrum etmə cəzasını çəkənlər.

4.6. İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır.

Maddə 5. Münasib iş

5.1. İşaxtaran üçün onun ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, yeni iş yerinə nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır.

5.2. Münasib iş yerinin işaxtaranın yaşayış yerindən maksimum uzaqlığı həmin ərazidə nəqliyyat şəbəkəsinin imkanları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

5.3. İşsizlik müavinətinin qanunla müəyyən edilmiş ödənilmə müddəti qurtardıqdan sonra, münasib iş təklif edilməsi mümkün olmayan işaxtaranlar üçün, onların qabiliyyətini, səhhətini, iş təcrübəsini nəzərə almaqla, yeni peşəyə (ixtisasa) yiyələnməsini tələb edən iş də münasib iş sayılır.

5.4. Şəxsin yaşını və başqa xüsusiyyətlərini nəzərə almaqla, qabaqcadan peşə hazırlığı keçməsini tələb edən, yaxud etməyən müvəqqəti işlər də daxil olmaqla əmək qanunvericiliyinin tələblərinə uyğun gələn, haqqı ödənilən işlər aşağıdakı şəxslər üçün münasib iş sayılır:

5.4.1. ilk dəfə işaxtaranlar, 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar;

5.4.2. malik olduğu peşə üzrə ixtisasını artırmaqdan, ikinci uyğun peşəyə yiyələnməkdən, yaxud işsizlik müavinətinin ödənilməsi müddəti qurtardıqdan sonra yeni peşə öyrənməkdən imtina edənlər;

5.4.3. müvafiq icra hakimiyyəti orqanında 18 aydan çox qeydiyyatda olanlar.

5.5. İşaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz.

Maddə 6. Məşğulluq sahəsində dövlət siyasəti

6.1. Dövlət vətəndaşların səmərəli və sərbəst seçilmiş məşğulluğunun təmin edilməsinə köməklik göstərir.

6.2. Məşğulluq sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

6.2.1. irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi;

6.2.2. vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə onlara köməklik göstərilməsi;

6.2.3. əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində vətəndaşların öz iradəsini sərbəst ifadə etməsinə şərait yaradılması;

6.2.4. işsizlərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə köməklik göstərən xüsusi tədbirlərin görülməsi;

6.2.5. məşğulluq sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə əlaqələndirilməsi;

6.2.6. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün əlavə iş yerləri yaradan işəgötürənlərin vergi və başqa güzəştlərlə həvəsləndirilməsi;

6.2.7. məşğulluğun təmin edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasında və həyata keçirilməsində, onların yerinə yetirilməsinə nəzarətdə Azərbaycan Respublikasının dövlət orqanlarının, həmkarlar ittifaqlarının, işəgötürənlər birliklərinin fəaliyyətinin əlaqələndirilməsi;

6.2.8. Azərbaycan Respublikası vətəndaşlarının ölkə hüdudlarından kənarda, habelə vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması;

6.2.9. beynəlxalq əmək normalarına riayət olunması.

II fəsil. Məşğulluq sahəsində vətəndaşların hüquqları və dövlət təminatları

Maddə 7. Məşğulluq sahəsində vətəndaşların hüquqları

7.1. Vətəndaşlar fəaliyyət növü, peşə, məşğuliyyət və iş yerini sərbəst seçmək hüququna malikdirlər.

7.2. Qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, hərbi xidmət, hərbi və fövqəladə vəziyyət zamanı) vətəndaşların məcburi əməyə cəlb edilməsinə yol verilmir.

7.3. Vətəndaşların işləməməsi onların inzibati, cinayət və başqa məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz.

7.4. Vətəndaşların işəgötürənlərə bilavasitə müraciət etmək yolu ilə, müvafiq icra hakimiyyəti orqanınınpulsuz vasitəçiliyi ilə və ya qanunvericilikdə nəzərdə tutulmuş digər formalarda iş yerini sərbəst seçmək hüququ vardır.

7.5. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında məşğulluq növünü, iş yerini və əmək rejimini seçmək məqsədi ilə peşəyönümünə, peşə hazırlığına və yenidən hazırlığına, ixtisasının artırılmasına dair pulsuz məsləhət almaq, habelə müvafiq məlumat əldə etmək hüququna malikdirlər.

7.6. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanından və ya onun vəzifəli şəxslərinin hərəkətlərindənmüvafiq icra hakimiyyəti orqanlarına, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət edə bilərlər.

Maddə 8. Əmək hüququnun həyata keçirilməsində dövlət təminatları

8.1. Dövlət hər bir vətəndaşa əmək hüququnun həyata keçirilməsində aşağıdakı təminatları verir:

8.1.1. məşğulluq növünün, o cümlədən müxtəlif əmək rejimli işin sərbəst seçilməsinə;

8.1.2. işdən əsassız çıxarılanların və ya işə qəbuldan əsassız imtina olunanların Əmək Məcəlləsinəmüvafiq olaraq hüquqi müdafiəsinə.

8.2. Dövlət işaxtaran və işsiz vətəndaşlara aşağıdakı təminatları verir:

8.2.1. müvafiq icra hakimiyyəti orqanının vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə;

8.2.2. müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə pulsuz peşəyönümünə, peşə hazırlığına, yenidən hazırlığına və ixtisasının artırılmasına;

8.2.3. vətəndaşın yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilən haqqı ödənilən ictimai işlərdə iştirakına;

8.2.4. işsiz statusu alanlar üçün müavinətlərin ödənilməsinə;

8.2.5. özünüməşğulluğa köməklik göstərilməsinə;

8.2.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən digər aktiv tədbirlərdə (əmək yarmarkaları, əmək birjaları, yeni iş yerləri və s.) iştirakına;

8.2.7. müvafiq icra hakimiyyəti orqanının təklifi ilə bir yaşayış məntəqəsindən digərinə işə (peşə kurslarına) göndərilməklə əlaqədar vətəndaşların çəkdiyi xərclərin mövcud qanunvericiliyə müvafiq olaraq kompensasiya edilməsinə;

8.2.8. müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul olunarkən və təhsil almağa göndərilərkən dövlət tibb müəssisələrində pulsuz tibbi müayinədən keçməsinə.

Maddə 9. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların məşğulluğu üçün əlavə təminatlar

9.1. Dövlət əlavə iş yerləri və ixtisaslaşdırılmış müəssisələr, təşkilatlar (o cümlədən əlillərin əməyi üçün müəssisə və təşkilatlar) yaratmaq yolu ilə, xüsusi proqramlar üzrə təlim təşkil etməklə və başqa tədbirlər görməklə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına (20 yaşadək gənclərə, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərə, əlil uşaqları tərbiyə edən qadınlara, pensiya yaşına 2 ildən az qalmış şəxslərə, əlillərə, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlara, məcburi köçkünlərə, müharibə veteranlarına, şəhid ailələrinə) əlavə təminatlar verir.

9.2. Müvafiq icra hakimiyyəti orqanları müəyyən olunmuş qaydada müəssisə, idarə və təşkilatlarda bu Qanunun 9.1-ci maddəsində göstərilən vətəndaşlar üçün kvotanı müəyyən edirlər.

9.3. Kvotanın miqdarı ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə təyin edilir.

9.4. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası və kvota şamil edilməyən müəssisələrin siyahısı müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən edilir.

III fəsil. Məşğulluğun tənzimlənməsi və təşkili

Maddə 10. Məşğulluğun tənzimlənməsi

10.1. Dövlət vətəndaşların məşğulluğuna kömək göstərmək məqsədi ilə aşağıdakıları həyata keçirir:

10.1.1. istehsal qüvvələrinin səmərəli yerləşdirilməsinə, yeni texnologiyaların yaradılmasına, fərdi qaydada sahibkarlığın və əmək fəaliyyətinin təşkilinə və inkişafına, çevik əmək rejiminin tətbiqinin həvəsləndirilməsinə yönəldilən maliyyə-kredit, investisiya və vergi siyasəti tədbirlərinin, yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən başqa tədbirlərin hazırlanmasını;

10.1.2. məşğulluq sahəsində vətəndaşların hüquq və mənafelərinin qorunmasına təminat verən hüquqi tənzimləməni, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini;

10.1.3. müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin təmin edilməsini.

Maddə 11. Respublika və ərazi məşğulluq proqramları

11.1. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, işəgötürənlər birlikləri və həmkarlar ittifaqları bu Qanuna uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərini nəzərdə tutan respublika və ərazi məşğulluq proqramları hazırlayırlar.

11.2. Respublika və ərazi məşğulluq proqramlarının hazırlanmasının əsasını müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan iqtisadi və sosial inkişaf proqnozlarının göstəriciləri təşkil edir.

11.3. Respublika və ərazi məşğulluq proqramlarını müvafiq icra hakimiyyəti orqanları təsdiq edir və onların həyata keçirilməsini təmin edir.

Maddə 12. Üstün inkişaf etdirilən regionlar

12.1. Müvafiq icra hakimiyyəti orqanı əhalinin məşğulluğu baxımından üstün inkişaf etdirilən regionları müəyyən edir. Üstün inkişaf etdirilən regionlarda iş yerlərinin artırılması xüsusilə həvəsləndirilir.

12.2. Üstün inkişaf etdirilən regionlarda iş yerləri, sosial infrastruktur obyektləri yaradan işəgötürənlərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada maliyyə yardımı göstərilir və vergi güzəştləri verilir .

Maddə 13. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında məşğulluğu

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və beynəlxalq müqavilələrinə uyğun tənzimlənir.

Maddə 14. İşədüzəltmədə vasitəçilik fəaliyyəti

İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq alan hüquqi və fiziki şəxslər məşğul ola bilərlər.

Maddə 15. Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri

15.1. Məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədi ilə həmkarlar ittifaqının, işəgötürənlər birliklərinin, müvafiq icra hakimiyyəti orqanının, əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarının, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların mənafeyini təmsil edən ictimai birliklərin nümayəndələrindən məşğulluğa kömək göstərən respublika və yerli əlaqələndirmə komitələri yaradılır.

15.2. Əlaqələndirmə komitələrinin tərkibinə müvafiq tərəflərin bərabər sayda nümayəndələri təyin olunurlar.

15.3. Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin tərkibinin təsdiqi və fəaliyyətinin təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

15.4. Əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 16. Məşğulluq sahəsində həmkarlar ittifaqlarının iştirakı

16.1. Həmkarlar ittifaqları dövlət məşğulluq siyasətinin, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilərlər.

16.2. Həmkarlar ittifaqlarının, onların seçkili orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:

16.2.1. işçilərin kütləvi surətdə sərbəstləşdirilməsi ilə əlaqədar tədbirlərin başqa vaxta keçirilməsi və ya müvəqqəti dayandırılması haqqında işəgötürənlərə və ya onların yuxarı orqanlarına təkliflər vermək;

16.2.2. qanunvericiliyə uyğun olaraq məşğulluğun təmin edilməsi, işə (xidmətə) qəbul, işdənçıxarma, sosial güzəştlərin və təminatların verilməsi məsələlərində vətəndaşların müdafiəsini təmin etmək.

16.3. İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarını və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.

16.4. İşəgötürənlər (onların birlikləri) və müvafiq icra hakimiyyəti orqanları, həmkarlar ittifaqlarının təklifi ilə məşğulluq məsələlərinə dair birgə məsləhətləşmələr aparırlar. Mövcud qanunvericiliyə uyğun olaraq məsləhətləşmələrin yekunlarına görə məşğulluğa kömək göstərilməsinə dair tədbirlər kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutula bilər.

Maddə 17. Məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı

17.1. İşəgötürənlər dövlət məşğulluq siyasətinin həyata keçirilməsinə aşağıdakı əsaslarla kömək göstərirlər:

17.1.1. qanunvericiliyə uyğun olaraq əmək münasibətlərini tənzimləyən əmək müqavilələrinin (kontraktların) şərtlərinə əməl edilməsi;

17.1.2. istehsalatın dayandırılması və ya işçilərin sərbəstləşdirilməsi təqdirində onların müdafiəsi üçün kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;

17.1.3. işçilərin peşə hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması üçün şərait yaradılması;

17.1.4. sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müəyyən olunmuş qaydada işə düzəldilməsi.

17.2. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, sənətini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə azı 2 ay əvvəlcədənmüvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidirlər.

17.3. İşəgötürənlər boş iş yeri (vakansiya) yarandığı gündən ən geci 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

17.4. İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq,hesabatlar təqdim etməlidirlər.

17.5. Hesabatların təqdim olunma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17.6. İşəgötürənin ona bilavasitə müraciət etmiş vətəndaşları müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə gəlmiş vətəndaşlar ilə bərabər əsaslarla işə qəbul etmək və əmək bazarının vəziyyəti haqqında müvafiq icra hakimiyyəti orqanından məlumat almaq hüquqları vardır.

17.7. Kvota ilə müəyyən olunduğundan artıq sayda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işlə təmin edən işəgötürənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər nəzərdə tutulur.

17.8. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər, həmin şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün  əlil Dövlət Sosial Müdafiə Fondunarespublika üzrə orta aylıq əmək haqqının üç misli məbləğində vəsait köçürməlidirlər.

17.9. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən işəgötürənlər özlərinin işçi qüvvəsinə olan tələbatını (rəhbər və mütəxəssis vəzifələri də daxil olmaqla) ilk növbədə yerli kadrlardan istifadə etməklə və onların hazırlanması vasitəsi ilə ödəməlidirlər.

Maddə 18. İş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi

18.1. İş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə əlaqədar tədbirlər məcburi dövlət sosial sığorta haqları hesabına müvafiq Dövlət Proqramına uyğun olaraq maliyyələşdirilir. Dövlət Proqramı hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

18.2. İşsizlik müavinətləri üzrə bank əməliyyatlarına görə haqq ödənilmir.

Maddə 19. İşaxtaranların peşə hazırlığı, ixtisasının artırılması və yenidən hazırlanması

19.1. Müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış işaxtaranların peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə aşağıdakı hallarda həyata keçirilir:

19.1.1. işaxtaranın lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;

19.1.2. işaxtaranın peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün onun öz peşəsini (ixtisasını) dəyişdirməsi zəruri olduqda;

19.1.3. işaxtaran əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə.

19.2. İşaxtaranlar müvafiq icra hakimiyyəti orqanının tədris mərkəzlərində və ya müvafiq icra hakimiyyəti orqanı ilə bağlanan müqavilələrə uyğun olaraq başqa tədris müəssisələrində peşə hazırlığı keçir, yenidən hazırlanır, ixtisasını artırırlar.

19.3. İşsizlik müavinəti alan və ya müavinətin ödənilməsi vaxtı qurtarmış işsiz, o cümlədən haqqı ödənilən ictimai işlərə göndərilmiş vətəndaşlar üstün qaydada yenidən hazırlıq keçmək, yeni peşəyə (ixtisasa) yiyələnmək hüququna malikdirlər.

19.4. İşaxtaran vətəndaşların peşə hazırlığının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 20. Haqqı ödənilən ictimai işlərin təşkili

20.1. Müvafiq icra hakimiyyəti orqanının təklifi və iştirakı ilə müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə müqavilələr üzrə işaxtaranların müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər.

20.2. İctimai işlərdə iştirak etmək istəyən işaxtaranlarla müddətli əmək müqaviləsi bağlanır. İşsizlik müavinəti (təqaüd) almayan işsiz vətəndaşlar belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər.

20.3. İctimai işlərdə məşğul olan vətəndaşlar faktiki yerinə yetirilən işə görə, lakin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş minimum səviyyədən az olmamaq şərti ilə əmək haqqı alırlar. Əmək qanunvericiliyi və sosial sığorta haqqında qanunvericilik, habelə işsizlik müavinəti almaq hüququ ictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir.

20.4. İctimai işlər bu işləri gördürən müəssisələrin vəsaiti hesabına və ya Dövlət Sosial Müdafiə Fondunun vəsaitinin cəlb edilməsi hesabına maliyyələşdirilir.

20.5. İctimai işlərin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

IV fəsil. Sosial təminatlar

Maddə 21. Sosial yardım üçün təminatlar

21.1. İşini və qazancını itirən, ilk dəfə iş axtaran və ya uzun fasilədən sonra yenidən əmək fəaliyyətinə başlamaq istəyən vətəndaşlara dövlət aşağıdakı təminatları verir:

21.1.1. müəssisədən sərbəstləşdirilmiş işçilərə təminatların verilməsi;

21.1.2. peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə təqaüdün ödənilməsi;

21.1.3. işsiz statusu alanlar üçün müavinətin ödənilməsi;

21.1.4. haqqı ödənilən ictimai işlərə cəlb olunması;

21.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir yaşayış məntəqəsindən digərinə işlə təmin olunmaq üçün könüllü köçməklə əlaqədar xərclərin kompensasiya olunması;

21.1.6. işsiz vətəndaşların himayəsində olan uşaqlar üçün işsizlik müavinətinə və təqaüdə əlavələr edilməsi.

21.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada, şəxsin təqaüd və ya işsizlik müavinəti aldığı, haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət ümumi əmək stajına daxil edilir.

21.3. İşsiz vətəndaşlara verilən müavinətlərin və başqa ödənişlərin bütün növləri qanunvericiliklə müəyyən edilmiş qaydada indeksləşdirilir.

Maddə 22. Sərbəstləşdirilən işçilər üçün təminatlar

22.1. Hüquqi şəxslərin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə sərbəstləşdirilən işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq təminatlar verilir.

22.2. Sərbəstləşdirilmiş işçi bu Qanunla müəyyən edilmiş müddətdə münasib işlə təmin olunmadıqda, o işsiz statusu təyin edilməklə, müavinət almaq hüququ qazanır.

22.3. Ləğv edilən hüquqi şəxslərdə sərbəstləşdirilən işçilərlə haqq-hesab çəkmək üçün vəsait olmadıqda təminatlar qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.

Maddə 23. Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdlərin məbləği

23.1. Müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə peşə hazırlığı, yenidən hazırlıq keçdikləri və ixtisaslarını artırdıqları dövrdə təhsil alan şəxslərə aşağıdakı məbləğdə təqaüd verilir:

23.1.1. müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alındıqdan (bundan sonra işsizliyin başlanmasından) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində, lakin respublika üzrə orta aylıq əmək haqqından çox və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təqaüdün minimum məbləğindən (bundan sonra təsdiq olunmuş təqaüdün minimum məbləği) az olmamaqla;

23.1.2. ilk dəfə işaxtaranlar, uzun fasilədən sonra (1 ildən çox) yenidən əmək fəaliyyətinə başlamaq istəyənlər, habelə işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olanlar üçün  təsdiq olunmuş təqaüdün minimum məbləğində;

23.1.3. istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əvvəlki işi görmək qabiliyyətini itirənlər üçün  əmək stajının müddətindən asılı olmayaraq axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 100 faizi məbləğində, lakin respublika üzrə orta aylıq əmək haqqından çox və təsdiq olunmuş təqaüdün minimum məbləğindən az olmamaqla;

23.1.4. işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində işəgötürənin təqsiri olmadan müəssisələrdə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məcburi ödənişsiz məzuniyyətdə olduğu hallarda və bu səbəbdən həmin 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə əmək haqqı ödənilənlər üçün təqaüdün hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23.2. Himayəsində 18 yaşına çatmamış uşağı olan şəxslərin təqaüdünün məbləği himayədə olan hər bir uşaq üçün təqaüdün 10 faizi məbləğində, lakin təqaüdün 50 faizindən artıq olmamaq şərtilə artırılır.

23.3. Təqaüdün ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 24. İşsizlik müavinətinin məbləğinin müəyyənləşdirilməsi qaydaları

24.1. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olduqda, onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir.

24.2. İşsizliyin başlanmasından əvvəlki 12 ay ərzində işəgötürənin təqsiri olmadan müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məcburi ödənişsiz məzuniyyətdə olduğu hallarda və bu səbəbdən həmin 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olanlar üçün müavinətin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24.3. Bütün başqa hallarda işsizlik müavinəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müavinətin minimum məbləğində (bundan sonra təsdiq olunmuş müavinətin minimum məbləği) müəyyən edilir.

24.4. İşsizin himayəsində 18 yaşınma çatmamış uşağı olduqda, işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin müavinətin 50 faizindən artıq olmamaq şərti ilə artırılır.

24.5. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə tutulmalı olan məbləğlər (alimentlər, ziyanın ödənilməsi və sair məbləğlər) təyin edilmiş müavinətin 50 faizindən çox olmamaq şərtilə işsizlik müavinətindən tutulur.

24.6. Bütün hallarda, müavinətin məbləği respublika üzrə orta aylıq əmək haqqından çox və təsdiq olunmuş müavinətin minimum məbləğindən az olmamalıdır.

Maddə 25. İşsizlik müavinətinin ödənilməsi şərtləri və müddətləri

25.1. İşsiz statusu almış vətəndaşa işsizlik müavinəti, təkrar müavinət alınan hallar istisna olmaqla, ona status müəyyən edildiyi gündən hesablanır.

25.2. Müavinətin ödənilməsi müddəti 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz.

25.3. Hüquqi şəxslərin ləğv edilməsi və ya işçilərin sayı və ştatların ixtisar olunması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sərbəstləşdirilmiş və işdən azad edildikdən sonra müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış, lakin əmək qanunvericiliyi ilə müəyyən edilmiş işdənçıxarma müavinəti və orta əmək haqqı ödənilən müddət ərzində işə düzəldilməmiş vətəndaşlara işsizlik müavinəti bu müddətin qurtardığı birinci gündən təyin edilir.

25.4. İşsizlik müavinəti alan vətəndaşlar ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanında yenidən qeydiyyatdan keçməklə müavinət alırlar. Vətəndaşa işsiz statusu təyin olunan gün qeydiyyat günü hesab edilir.

25.5. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq hüququ vardır. Bu zaman işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur.

25.6. İşsizlik müavinətinin ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 26. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən azad edilmiş hərbi qulluqçular üçün işsizlik müavinətinin məbləği

Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən azad edilmiş hərbi qulluqçular üçün işsizlik müavinətinin məbləği bu Qanunun 24.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir.

Maddə 27. İşsizlik müavinətinin ödənilməsinin dayandırılması və ona xitam verilməsi

27.1. Müvafiq icra hakimiyyəti orqanı işsizlik müavinətinin ödənilməsini dayandıra və xitam verə bilər.

27.2. Aşağıdakı hallarda işsizlik müavinətinin ödənilməsi 3 ayadək dayandırıla bilər:

27.2.1. işsiz vətəndaş təklif olunan 2 münasib işdən imtina etdikdə;

27.2.2. işsiz vətəndaş müavinət almaq üçün müvafiq icra hakimiyyəti orqanında üzürsüz səbəbdən ayda bir dəfə yenidən qeydiyyatdan keçmədikdə.

27.3. Ödənilən işsizlik müavinətinin dayandırıldığı aylar müavinətin təyin edildiyi ümumi müddətdən çıxarılır və həmin dövr işsizlərin əmək stajına daxil edilmir.

27.4. Aşağıdakı hallarda işsizlik müavinətinin ödənilməsi müvəqqəti olaraq dayandırıla bilər:

27.4.1. təlim və yoxlanış toplantılarına çağırılmış hərbi mükəlləfiyyətli işsiz vətəndaşlar toplanışda olduqları müddətdə;

27.4.2. müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işsiz vətəndaşın peşə hazırlığı, yenidən hazırlığı və ixtisasartırma kurslarına cəlb olunduğu müddətdə (tədris başa çatdıqdan sonra belə vətəndaşlar onlardan asılı olmayan səbəblərdən münasib işlə təmin olunmadıqda);

27.4.3. başqa şəhərdə qiyabi təhsil alan işsiz vətəndaşlar təhsillə əlaqədar daimi yaşayış yerini tərk etdikləri dövrdə.

27.5. İşsizlik müavinətinin müvəqqəti dayandırıldığı dövr müavinətin təyin edildiyi ümumi müddətdən çıxarılmır və həmin dövr ümumi staja əlavə edilir.

27.6. Aşağıdakı hallarda işsizlik müavinətinin ödənilməsinə xitam verilir:

27.6.1. işsiz vətəndaş işsizlik müavinətini saxta sənədlər təqdim etmək yolu ilə aldıqda;

27.6.2. işsiz vətəndaş işsizlik müavinəti aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanınabildirmədən işə düzəldikdə;

27.6.3. işsiz vətəndaş azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə;

27.6.4. işsiz vətəndaş işə düzəldikdə, hərbi xidmətə çağırıldıqda, vəfat etdikdə;

27.6.5. işsiz vətəndaş müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə peşə hazırlığı (yenidən hazırlıq) kurslarına üzürsüz səbəbdən gəlmədikdə və yaxud tədrisi başa vurduqdan sonra təklif olunan iki münasib işdən imtina etdikdə;

27.6.6. işsiz vətəndaş müvafiq qanunvericiliyə uyğun olaraq pensiyaya çıxdıqda.

Maddə 28. Vətəndaşların işsizlikdən könüllü sığortası

Vətəndaşların işsizlikdən könüllü sığortası müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

V fəsil. Yekun müddəaları

Maddə 29. Qanunun pozulmasına görə məsuliyyət

29.1. Bu Qanunun pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

29.2. Bu Qanunun 7.2-ci maddəsinin tələblərinin pozulmasında təqsirkar olan şəxslər, habelə bu Qanunun 17.2-ci, 17.3-cü, 17.4-cü, 17.8-ci və 17.9-cu maddələrinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

Maddə 30. Yekun müddəaları

30.1. Bu Qanunun tələblərinə əməl olunmasına nəzarət öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmkarlar ittifaqları bu nəzarətdə iştirak edir.

30.2. Bu Qanunun 18.4-cü maddəsi 2002-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 02 iyul 2001-ci il

 170-IIQ

Azərbaycan qəzetində dərc edilmişdir (15 avqust 2001-ci il,  184).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 avqust 2001-ci il,  8, maddə 522).

15 noyabr 2001-ci il tarixli, 214-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 398-IIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə.

Digər xəbərlər