Dövlət borcu haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun dövlət borcalmalarının həyata keçirilməsini və dövlət zəmanətlərinin verilməsini, habelə dövlət borcunun idarə olunmasında iştirak edən subyektlər arasındakı münasibətləri tənzimləyir.

Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:

1.1. dövlət borcu — Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc;

1.2. daxili dövlət borcu — Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;

1.3. xarici dövlət borcu — Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;

1.4. dövlət zəmanəti — əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verilmiş öhdəliyi üzrə borcunun tam məbləğdə və ya qismən ödənilməsinə dair Azərbaycan Respublikasının öhdəliyi;

1.5. dövlət borcalması — Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri tərəfindən qaytarılma şərtləri borcverənlə razılaşdırılmaqla müəyyən müddətə maliyyə vəsaitinin cəlb edilməsi;

1.6. dövlət borcunun və dövlət zəmanətinin reyestri — dövlət borcunun və dövlət zəmanətinin uçotu və idarə olunması məqsədilə bu Qanunla müəyyənləşdirilmiş qaydada aparılan reyestr;

1.7. əsas borcalan — dövlət zəmanəti verilmiş öhdəlik üzrə borclu olan hüquqi şəxs;

1.8. istifadəçi — dövlət borcalmaları yolu ilə alınmış və qaytarılması dövlət büdcəsi hesabına nəzərdə tutulan borc vəsaitindən təkrar müqavilə əsasında istifadə edən hüquqi şəxs və ya dövlət orqanı;

1.9. təkrar müqavilə — müvafiq icra hakimiyyəti orqanı ilə əsas borcalan, istifadəçi və ya təkrar borcalan arasında bağlanılan, dövlət borcalmaları və /və ya dövlət zəmanəti ilə alınmış vəsaitin bölüşdürülməsi, istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) şərtlərini müəyyənləşdirən müqavilə;

1.10. təkrar borcalan — dövlət borcalmaları yolu ilə alınmış və qaytarılması dövlət büdcəsi hesabına nəzərdə tutulmayan borc vəsaitindən təkrar müqavilə əsasında istifadə edən hüquqi şəxs;

1.11. Təminat Fondu — dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün yaradılan məqsədli büdcə fondu.

Maddə 2. Dövlət borcu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Dövlət borcu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar müəyyənləşdirildikdə, beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Maddə 3. Azərbaycan Respublikasının dövlət borcalmaları

3.1. Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

3.2. Azərbaycan Respublikasının dövlətə məxsus aktivləri, onun beynəlxalq ehtiyatları və gələcəkdə yarana biləcək aktivləri dövlət borcu və ya dövlət tərəfindən zəmanət verilmiş borc üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı məqsədi ilə girov qoyula bilməz.

3.3. Naxçıvan Muxtar Respublikasının borcalmaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

3.4. Azərbaycan Respublikası Milli Bankının borcalmaları Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunla tənzimlənir.

3.5. Dövlət zəmanəti verilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikası dövlət müəssisələrinin borcalmalar üzrə öhdəlikləri üçün məsuliyyət daşımır.

Maddə 4. Dövlət borcalmalarının məqsədi

Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət investisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədi ilə həyata keçirilir.

Maddə 5. Dövlət borcunun idarə olunması

5.1. Dövlət borcu müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur.

5.2. Dövlət borcunun idarə olunması prosesində aşağıdakılar yerinə yetirilir:

5.2.1. Azərbaycan Respublikasının dövlət borcalmalarının strategiyası hazırlanır;

5.2.2. borc öhdəliyinin şərtləri, maliyyə bazarlarından vəsaitlərin cəlb edilməsi imkanları qiymətləndirilir;

5.2.3. dövlət borcunun və dövlət zəmanətinin müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş yuxarı hədlərinə (limitlərinə) əməl olunması təmin edilir;

5.2.4. dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsi və onların vaxtında qaytarılması təmin edilir;

5.2.5. dövlət borcunun və dövlət zəmanəti üzrə yaranmış borcun strukturunu təkmilləşdirmək sahəsində zəruri tədbirlər görülür;

5.2.6. dövlət borcunun təkrar maliyyələşdirilməsi və borc öhdəliklərinin təkrar strukturlaşdırılması əməliyyatları aparılır;

5.2.7. dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığı təmin edilir;

Maddə 6. Dövlət borcunun yuxarı həddi (limiti)

6.1. Müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununda ölkənin sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı əlavə maliyyələşməyə tələbat və dövlət borcunun digər göstəriciləri (borcun ümumi daxili məhsula nisbəti, borcun mal və xidmətlərin ixracının həcminə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti və s.) nəzərə alınmaqla aşağıdakılar müəyyənləşdirilir:

6.1.1. büdcə ili ərzində cəlb edilən daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri);

6.1.2. əvvəlki illərdə alınmış və cari büdcə ilinin sonunadək qaytarılması nəzərdə tutulan daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri).

6.2. Daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri) Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir.

6.3. Yeni dövlət borcalması dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə vaxtı çatmış öhdəliklərin ödənilməsinə yönəldildikdə, bu borcalma dövlət borcunun yuxarı həddinə (limitinə) daxil edilmir.

6.4. Dövlət borcunun yuxarı həddi (limiti) yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər.

Maddə 7. Dövlət borcuna xidmət

7.1. Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanı təmin edir. Dövlət borcuna xidmət xərcləri müvafiq büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında Qanununda nəzərdə tutulur.

7.2. Dövlət borcuna xidmət, o cümlədən əsas məbləğin və faizlərin ödənilməsi üzrə xərclər müvafiq il üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində kifayət məbləğdə nəzərdə tutulmadıqda, həmin xərclər dövlət büdcəsinə müvafiq dəyişikliklər edilməklə və ya digər mənbələr hesabına ödənilir.

Maddə 8. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadəyə nəzarət

8.1. Dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitdən istifadə edən şəxs kreditorla bağladığı müqavilə və ya müvafiq icra hakimiyyəti orqanı ilə bağladığı təkrar müqavilə üzrə aldığı vəsaitlərin bölüşdürülməsini, istifadəsini və qaytarılmasını təmin etməlidir. Bu zaman əsas və təkrar borcalan cəlb olunmuş vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur), öz bank hesablarının vəziyyəti haqqında məlumatları və digər zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

8.2. Cəlb olunmuş vəsaitlərin vaxtında qaytarılmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 8.1-ci maddəsində göstərilən şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və onlarla bağlanmış müqavilələrə uyğun olaraq müvafiq tədbirlər görür. Göstərilən şəxslərin təşkilati-hüquqi forması dəyişdikdə, onlar yenidən təşkil edildikdə və ya ləğv olunduqda, onların borc öhdəliklərinin yerinə yetirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

8.3. Dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 9. Daxili dövlət borcalmaları

9.1. Daxili dövlət borcalmaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı formalarda həyata keçirilir:

9.1.1. Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə kreditlərin alınması;

9.1.2. daxili maliyyə bazarında yerləşdirilmək üçün dövlət qiymətli kağızlarının buraxılması;

9.1.3. Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alınması;

9.2. Daxili dövlət borcalmaları məqsədi ilə buraxılan dövlət qiymətli kağızlarının növləri, satış üsulları, habelə faiz şərtləri, qiymətli kağızların çapı ilə bağlı xərclər və digər məsələlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.3. Dövlət qiymətli kağızlarının emissiyası qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 10. Xarici dövlət borcalmaları

10.1. Xarici dövlət borcalmaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı formalarda həyata keçirilir:

10.1.1. Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə kreditlərin alınması;

10.1.2. xarici maliyyə bazarlarında yerləşdirilmək üçün dövlət qiymətli kağızlarının emissiyası;

10.1.3. Azərbaycan Respublikasının qeyri-rezedentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alınması;

10.1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər əqdlərin bağlanması.

10.2. Xarici dövlət borcalmaları qiymətli kağızların emissiyası yolu ilə həyata keçirildikdə buraxılışın həcmi, müddəti və digər şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

10.3. Xarici dövlət borcalmaları ilə bağlı istiqrazlar, xəzinə vekselləri və ya digər borc öhdəliklərinə dair hüquqi rəylər maraqlı tərəfin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir və imzalanır.

Maddə 11. Dövlət zəmanətinin verilməsi şərtləri

11.1. Dövlət zəmanəti ilə borc almaq üçün müraciət edən əsas borcalan aşağıdakı sənədləri təqdim etməlidir:

11.1.1. təşkilati-hüquqi formasını müəyyən edən sənəd;

11.1.2. əsas borcalanın və ona xidmət edən kredit təşkilatının (təşkilatlarının) bank rekvizitləri;

11.1.3. dövlət zəmanəti tələb edilən maliyyə vəsaitini verən kredit təşkilatı və ya başqa təşkilatla bağlanmış müqavilənin və ya müqavilə layihəsinin surəti;

11.1.4. dövlət zəmanəti tələb edilən borcalmanın məqsədini şərh edən biznes-plan;

11.1.5. müstəqil auditor tərəfindən təsdiqlənmiş son iki il üçün balansı;

11.1.6. dövlət büdcəsi qarşısında borcu barədə müvafiq icra hakimiyyəti orqanının məktubu;

11.1.7. kredit təşkilatlarına borcları barədə Azərbaycan Respublikası Milli Bankının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və digər borcları haqqında məlumat;

11.1.8. buraxdığı qiymətli kağızlara dair məlumat;

11.1.9. investisiya layihəsinə aid sənədlər, o cümlədən zəmanət tələb edilən kreditlərin qaytarılma mənbələri, zəmanətin qüvvədə olduğu müddətdə layihə üzrə gəlirlərin proqnozu və onun bölgüsü planı;

11.1.10. tələb etdiyi dövlət zəmanəti üzrə öhdəliyinin təminatı kimi istifadə edilə biləcək əmlakı barədə məlumat (likvid aktivlər ayrıca göstərilməklə);

11.1.11. əmlakının girovu, yaxud ipoteka müqavilələri barədə məlumat.

11.2. Dövlət zəmanətinin verilməsi ilə bağlı qərar qəbul edilərkən layihənin dövlət zəmanəti olmadan maliyyələşdirilməsinin mümkünlüyü əsas borcalanın zəmanət verilmiş kreditlər üzrə öhdəliklərini yerinə yetirmək qabiliyyəti, dövlət investisiya proqramına uyğunluğu, əvvəllər aldığı borclar üzrə öhdəliklərinin və digər maliyyə öhdəliklərinin yerinə yetirilməsi nəzərə alınmalıdır.

11.3. Müvafiq icra hakimiyyəti orqanı dövlət zəmanətinin verilməsi ilə bağlı əsas borcalandan verilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb edə bilər.

Maddə 12. Dövlət zəmanətinin verilməsi

12.1. Dövlət zəmanəti yazılı formada olmaqla özündə aşağıdakıları əks etdirir:

12.1.1. zəmanətin verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarının tarixi və rekvizitləri;

12.1.2. zəmanət verilmiş öhdəlik üzrə əsas borcalan və kreditor olan şəxslərin rekvizitləri;

12.1.3. zəmanət verilən öhdəliyin məzmunu və məbləği;

12.1.4. zəmanətin qüvvədə olma müddəti;

12.1.5. zəmanət üzrə tələb hüququnu güzəşt etmək imkanlarına dair müddəalar;

12.1.6. zəmanətçinin məsuliyyəti barədə müddəalar;

12.1.7. zəmanətə xitam verilməsinin şərtləri.

12.2. Zəmanətdə tərəflərin razılığı ilə mövcud qanunvericiliyə zidd olmayan başqa müddəalar da nəzərdə tutula bilər.

12.3. Dövlət zəmanəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri (yaxud səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanır.

12.4. Dövlət zəmanəti ilə bağlı məsələlərə dair hüquqi rəylər maraqlı tərəfin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Maddə 13. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu

13.1. Azərbaycan Respublikasının dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu -Təminat Fondu yaradılır.

13.2. Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşır:

13.2.1. dövlət büdcəsindən ayrılan vəsait;

13.2.2. dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq. Haqqın miqdarı tələb edilən dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir;

13.2.3. müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar;

13.2.4. dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi;

13.2.5. Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir;

13.2.6. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

13.3. Əsas borcalanın Təminat Fonduna köçürdüyü haqq dövlət zəmanəti verildikdən sonra geri qaytarılmır.

13.4. Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Maddə 14. Dövlət zəmanəti üzrə öhdəliklərin icrası

14.1. Əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zəmanətçi verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Təminat Fondunda toplanmış vəsait dövlət zəmanəti üzrə öhdəliyin yerinə yetirilməsi üçün kifayət etmədikdə, çatışmayan vəsait dövlət büdcəsinin ehtiyat fondundan ayrılır.

14.2. Əsas borcalanın öhdəliklərini yerinə yetirmiş zəmanətçi ödədiyi məbləğin və digər xərclərin əvəzini əsas borcalandan Azərbaycan Respublikasının qanunvericiliyində və onunla bağladığı müqavilədə nəzərdə tutulan həcmdə və qaydada ödənilməsini tələb etməlidir.

Maddə 15. Dövlət zəmanətinə xitam verilməsi

15.1. Dövlət zəmanətinə aşağıdakı hallarda xitam verilir:

15.1.1. zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zəmanətçi tərəfindən tam icra edildikdə;

15.1.2. zəmanət müddəti başa çatdıqda;

15.1.3. kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə;

15.1.4. zəmanət sazişinin şərtlərində başqa qayda nəzərdə tutulmayıbsa, əsas borcalanla kreditor arasında razılığa əsasən zəmanət verilmiş borcun təkrar strukturlaşdırılması aparıldıqda;

15.1.5. zəmanət sazişində nəzərdə tutulan digər hallarda.

15.2. Zəmanətçi ən geci 3 iş günü ərzində dövlət zəmanətinə xitam verilməsi barədə kreditora və əsas borcalana məlumat verməlidir.

Maddə 16. Dövlət borcunun və dövlət zəmanətinin reyestri

16.1. Azərbaycan Respublikasının borc öhdəlikləri və verilən dövlət zəmanətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan dövlət borcunun və dövlət zəmanətinin reyestrində qeydiyyata alınır. Reyestr elektron və kağız daşıyıcılardan istifadə edilməklə aparılır.

16.2. Azərbaycan Respublikasının borc öhdəlikləri və dövlət zəmanətləri haqqında məlumat müvafiq öhdəliyin rəsmiləşdiyi gündən ən geci 10 iş günü ərzində reyestrə daxil edilməlidir. Reyestrə öhdəliyin yaranma tarixi, qüvvədə olma müddəti, məbləği, valyutası, faiz dərəcəsi, öhdəlik üzrə ödənişlər, öhdəliklərin təminatı formaları və sair barədə məlumatlar daxil edilir. Reyestrin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

16.3. Azərbaycan Respublikasının dövlət borcunun həcminə və tərkibinə dair məlumat açıqdır və internet şəbəkəsində yerləşdirilmə yolu ilə elan olunur. Bu məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin icrasına dair hazırlanan və qanunvericiliyə uyğun dərc edilən hesabatlara daxil edilir. Məlumatların dərc edilməli olduğu kütləvi informasiya vasitələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 17. Dövlət öhdəliyi yaratmayan xarici borcalmalar

17.1. Azərbaycan Respublikası rezidentlərinin, Azərbaycan Respublikasının qeyri-rezidentləri qarşısında cari şərtsiz, dövlət öhdəliyi yaratmayan, xarici valyutada olan borc öhdəlikləri dövlət borcu hesab edilmir və Azərbaycan Respublikası bu borc üzrə heç bir məsuliyyət daşımır.

17.2. Ölkənin tədiyyə balansını tərtib etmək üçün müvafiq icra hakimiyyəti orqanı hər rübün yekunları üzrə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş bankların dövlət öhdəliyi yaratmayan xarici borcalmaları barədə məlumatları Azərbaycan Respublikasının Milli Bankına təqdim edir. Belə məlumatların tərkibi və təqdim olunma qaydası Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyənləşdirilir.

Maddə 18. Bankların borcalmalarının statistikasının aparılması

Azərbaycan Respublikasının lisenziya almış banklarının Azərbaycan Respublikasının qeyri-rezidentləri qarşısında xarici valyutada olan borcunun statistikasının aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət

19.1. Dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadəni və onların vaxtında qaytarılmasını təmin etməyən, borc müqavilələrinin şərtlərini pozan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

19.2. Bu Qanunla nəzərdə tutulmuş məlumatların verilməsinə görə cavabdeh olan şəxslər onların verilməməsinə (vaxtında verilməməsinə) və ya məlumatın təhrif olunması nəticəsində başqa şəxslərə zərər dəyməsinə görə müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

19.3. Bu Qanun pozulmaqla həyata keçirilmiş dövlət borcalmaları və verilmiş dövlət zəmanətləri etibarsız hesab edilir.

Maddə 20. Qanunun qüvvəyə minməsi

20.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

20.2. Bu Qanun qüvvəyə mindiyi gündən «Dövlət borcu haqqında» Azərbaycan Respublikasının Qanunu (29 dekabr 1992-ci il tarixli, 42 saylı) qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 22 may 2007-ci il

? 334-IIIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (7 avqust 2007-ci il, ? 173) («VES Consultancy» LLC).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 avqust 2007-ci il, ? 8, maddə 748) («VES Consultancy» LLC).

13 noyabr 2007-ci il tarixli, 483-IIIQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («VES Consultancy» LLC).

Digər xəbərlər