Paytaxt və regionlarda elektrik şəbəkələrinin yenilənməsi işləri ilə yanaşı, “Azərişıq” ASC fermer,sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə bölgələrdə mütəmadi görüşlər keçirir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir.
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə tədbirlərdən biri Salyanda baş tutub. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 60-dək sahibkar və yerli sakin iştirak edib. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Şirvan RETSİ-nin (Regional Enerji Təchizatı və Satışı İdarəsi) rəisi Elnur Həsənov, KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) Salyan üzrə nümayəndəsi Anar Əhmədov, Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini Rəşad Cəbrayılov iştirak edib.
Görüş zamanı sahibkar və vətəndaşlara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ən ucqar dağ rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb.
Həmçinin, qurumun elektron xidmətləri barədə sahibkarlar və vətəndaşlarla maarifləndici söhbətlər aparılıb, eyni zamanda xidmət mərkəzlərində göstərilən bütün xidmətlər haqqında ətraflı məlumat təqdim edilib. Tədbirdə yeni elektrik şəbəkəsinə qoşulma, texniki şərtlərin verilməsi, ödənişlər, eləcə də ASAN Xidmət mərkəzlərində və elektron olaraq bütün xidmətlər ilə bağlı açıqlamalar verilib.
Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin və yerli sakinlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.
Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkar və vətəndaşlarla görüşləri ölkənin bütün regionlarında davam etdirirlər.
Digər xəbərlər
- Elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borcların aradan qaldırılması ilə bağlı şəbəkə ilə abonent arasında hüquqi münasibətlər. 05 İyun 2024
- Qubada yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Dekabr 2024
- “Azərişıq” ASC və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbər şəxsləri arasında Anlaşma Memorandumu imzalanıb. 15 Noyabr 2024
- “Azərişiq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 26 Yanvar 2024
- “Azərişıq” ASC Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. 15 İyun 2024