AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 190

Bakı şəhəri, 14 may 2015-ci il

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə

 "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin

N İ Z A M N A M Ə S İ

1. Ümumi müddəalar

1.1. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən, "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək yaradılmışdır.

1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

1.4. Cəmiyyətin aparatı, idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri Cəmiyyətin strukturunu təşkil edir.

1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

1.5.1. tam halda - "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti;

1.5.2. qısaldılmış halda - "Azərişıq" ASC;

1.5.3. ingilis dilində tam adı - "Azerishiq" Open Joint Stock Company;

1.5.4. ingilis dilində qısaldılmış adı - "Azerishiq" OJSC.

1.6. Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A. Bakıxanov küçəsi, 13.

1.7. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

 2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət qanuna uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququna malikdir, həmçinin vəzifələr daşıyır, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, firma işarəsinə (emblemə) malikdir.

2.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamına (bundan sonra - Sərəncam) uyğun olaraq həyata keçirilir.

2.5. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

2.6. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərinə görə cavabdeh deyildir.

 3. Cəmiyyətin əsas məqsədləri və fəaliyyət istiqamətləri

3.1. Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağladığı müqavilələr əsasında dövlət elektroenergetika müəssisəsindən və müstəqil enerji istehsalçılarından elektrik enerjisinin satın alınması, habelə istehlakçıların kəmiyyət və keyfiyyətcə (gərginlik, tezlik və təchizatın etibarlılığı) müntəzəm qaydada elektrik enerjisi ilə təchiz edilməsi və mövcud tarif qiymətinə uyğun olaraq haqqın yığımı;

3.2.2. fəaliyyət məqsədlərinə uyğun olaraq, elektrik enerjisinin paylanması üçün lazım olan elektrik qurğularının (elektrik yarımstansiyalarının, trasformatorların, elektrik xətlərinin, qurğuların və digər avadanlıqların) quraşdırılması, idarə olunması, istismarı, təmiri, yenilənməsi və texniki xidmət göstərilməsi;

3.2.3. şəbəkələrdə yeni texnologiyaların tətbiqi, texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə edilməsi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi;

3.2.4. Cəmiyyətin fəaliyyətinin inkişaf etdirilməsi, effektliliyinin və etibarlılığının yüksəldilməsini təmin etmək üçün investisiyaların cəlb edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi;

3.2.5. kadrlarla işin təşkili və aparılması, personalın bilik səviyyəsinin (o cümlədən texniki istismar və yanğın təhlükəsizliyi qaydaları sahəsində) yoxlanılması;

3.2.6. elektrik enerjisinin ölçülməsi və uçotu vasitələrinin istismarı, təmiri, dəyişdirilməsi, habelə ödənişsiz qaydada həmin vasitələrin diaqnostikası və sayğacların qoşulma sxemlərinin yoxlanılması;

3.2.7. Cəmiyyətin elektrik qurğularının texniki təhlükəsizliyinin, həmçinin elektrik şəbəkəsinin fəaliyyətini təmin edən proqram və texniki vasitələrin təhlükəsizliyinin təmin oluması üçün tədbirlərin görülməsi;

3.2.8. Cəmiyyətin, onun törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin iqtisadi və maliyyə vəziyyətinin təhlili və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi;

3.2.9. Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi;

3.2.10. Cəmiyyətə aid olan məsələlər üzrə islahatların aparılmasına dair təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;

3.2.11. müvafiq hüquqi aktlarda Cəmiyyətə münasibətdə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;

3.2.12. müasir informasiya texnologiyalarının və proqram təminatının tətbiqi vasitəsilə Cəmiyyətin fəaliyyətinin səmərəliliyinin artırılması;

3.2.13. malların (işlərin və xidmətlərin) satın alınması üçün müsabiqələrin keçirilməsi və müqavilələrin bağlanılması;

3.2.14. aidiyyəti üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunmasının təmin edilməsi və ona riayət edilməsinə nəzarət olunması.

3.3. Cəmiyyət xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə tələb olunan fəaliyyət növü ilə yalnız belə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə aldıqdan sonra məşğul ola bilər.

 4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və mənfəəti

4.1. Cəmiyyətin nizamnamə kapitalı onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malikdir.

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı 623533532 (altı yüz iyirmi üç milyon beş yüz otuz üç min beş yüz otuz iki) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 (iki) manat olan 311766766 (üç yüz on bir milyon yeddi yüz altmış altı min yeddi yüz altmış altı) ədəd sənədsiz adi adlı səhmdən ibarətdir.

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2. maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.3. qanunla qadağan olunmayan digər mənbələr.

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.7. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.8. Cəmiyyət qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

4.9. Cəmiyyət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

 5. Cəmiyyətin ali idarəetmə orqanı

5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

5.2. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər Sərəncama uyğun olaraq həll edilir.

 6. Cəmiyyətin icra orqanı

6.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.

6.2. Sərəncamla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına, habelə bu Nizamnamə ilə Cəmiyyətin sədrinə verilmiş səlahiyyətlər istisna olmaqla, İdarə Heyəti Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.

6.3. İdarə Heyətinin tərkibi dörd nəfərdən - Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən sədri, sədrin birinci müavini və iki müavinindən ibarətdir.

6.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir.

6.5. İdarə Heyəti:

6.5.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada hesabat verir;

6.5.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

6.5.3. Cəmiyyətin Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

6.5.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir;

6.5.5. Cəmiyyətin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;

6.5.6. Cəmiyyətin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu barədə məsələlərə baxır;

6.5.7. Cəmiyyətin inkişafı strategiyasının formalaşdırılmasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

6.5.8. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

6.5.9. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;

6.5.10. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir;

6.5.11. Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

6.5.12. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərarlar qəbul edir;

6.5.13. Cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarlar qəbul edir;

6.5.14. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;

6.5.15. qanuna uyğun olaraq və bu Nizamnamənin 4.9-cu bəndi nəzərə alınmaqla, Cəmiyyətin, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnu həyata keçirir;

6.5.16. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyur;

6.5.17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarlar qəbul edir.

6.6. İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

6.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Cəmiyyətin sədri, o olmadıqda isə iclasa sədrlik edənin səsi həlledici hesab edilir.

 7. Cəmiyyətin sədri

7.1. Cəmiyyətin sədri:

7.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;

7.1.2. sədr müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

7.1.3. sədr müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

7.1.4. Cəmiyyətin İdarə Heyətinin fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir;

7.1.5. Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, onun hüquq və öhdəliklərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

7.1.6. Cəmiyyət adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda, o cümlədən, beynəlxalq təşkilatlarda təmsil edir;

7.1.7. Cəmiyyətin işçilərinin say həddini, ştat cədvəlini, əməkhaqqı sistemini və xərclər smetasını təsdiq edir;

7.1.8. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin edir;

7.1.9. Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə cəmiyyətlərinin nizamnamələrini, həmçinin Cəmiyyətin idarə olunması ilə əlaqədar digər daxili sənədləri (bu Nizamnamənin 6.5.10-cu yarımbəndində nəzərdə tutulmuş hal istisna olmaqla) təsdiq edir, onlarda dəyişikliklər edilməsi haqqında qərarlar qəbul edir;

7.1.10. Cəmiyyətin aparatının, idarə, filial və nümayəndəliklərinin, törəmə cəmiyyətlərinin strukturunu və ştat cədvəlini təsdiq edir, Cəmiyyətin aparatının (sədr müavinləri istisna olmaqla), idarə, filial və nümayəndəliklərinin, törəmə cəmiyyətlərinin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, bütün işçilər barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərini tətbiq edir;

7.1.11. Cəmiyyətin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;

7.1.12. əqdlər (o cümlədən xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

7.1.13. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır;

7.1.14. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

7.1.15. Cəmiyyətdə, törəmə cəmiyyətlərində, habelə idarə, filial və nümayəndəliklərində beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydalarının və standartlarının tətbiqi ilə bağlı müvafiq tədbirlər görür;

7.1.16. fəaliyyət məqsədlərinə uyğun olaraq, komissiyalar, komitələr və işçi qrupları yaradır;

7.1.17. Cəmiyyətin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları barədə qərarlar qəbul edir;

7.1.18. Cəmiyyətin törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri arasındakı münasibətlərdə yaranan mübahisələri həll edir;

7.1.19. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin işinin təşkilini və onların təsdiq edilmiş gəlir və xərclər smetası üzrə xərclərinin ödənilməsini həyata keçirir;

7.1.20. Cəmiyyətin fəaliyyətini səmərəli təşkil etmək üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr) və ya hüquqi şəxs yaratmadan birgə layihələri həyata keçirir və bu layihələri təsis sənədlərinə uyğun olaraq idarə edir;

7.1.21. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür.

7.2. Cəmiyyətin sədri vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, dövlətin və Cəmiyyətin maraqlarına sadiq olmağa və bu maraqları öz maraqlarından üstün tutmağa və ehtiyatlı olmağa borcludur və bu vəzifələrin lazımi qaydada yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

7.3. Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrası Cəmiyyətin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.

 8. Cəmiyyətdə mühasibat və statistik uçotunun aparılması, maliyyə və statistik hesabatlarının tərtib edilməsi

8.1. Cəmiyyət "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçotu aparır və statistik hesabatları tərtib edir.

8.2. Cəmiyyət "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"na uyğun olaraq, mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

8.3. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

8.4. Cəmiyyət xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və Cəmiyyətin internet səhifəsində yerləşdirməyə borcludur.

8.5. Cəmiyyət törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının aparılmasını təmin edir.

 9. Audit

9.1. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit xidməti "Daxili audit haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir.

9.2. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını yerinə yetirərkən, müstəqil qiymət vermək və nəticə çıxarmaq hüququna malikdirlər.

9.3. Cəmiyyətin daxili audit xidmətinin əməkdaşları ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit, yaxud əlaqədar sahələrdə 4 il iş stajına malik olmalıdırlar.

9.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.

9.5. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 10. Cəmiyyətin törəmə cəmiyyətləri, habelə idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri

10.1. Cəmiyyətin törəmə cəmiyyətləri, habelə idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların nizamnamələrinə (əsasnamələrinə) və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir.

10.2. Cəmiyyət törəmə cəmiyyətləri, habelə idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

10.2.1. Cəmiyyətin törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin idarəetmə orqanlarını formalaşdırmaq;

10.2.2. Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə razılıq vermək;

10.2.3. Cəmiyyətin törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, müzakirələrdə iştirak etmək;

10.2.4. Cəmiyyətin törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;

10.2.5. Cəmiyyətin törəmə cəmiyyətlərindən, habelə idarə, filial və nümayəndəliklərindən onların təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;

10.2.6. Cəmiyyətin törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək.

 11. Cəmiyyətin yenidən təşkili və ləğvi

11.1. Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin

S T R U K T U R U

1. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Aparatı.

2. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr):

2.1. Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) - Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsi;

2.2. Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) - Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri;

2.3. Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Qəbələ) - Qəbələ, Şamaxı, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon elektrik şəbəkələri;

2.4. Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Gəncə) - Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax və Ağstafa rayon elektrik şəbəkələri;

2.5. Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri;

2.6. Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) - Mingəçevir, Goranboy, Naftalan, Tərtər, Bərdə, Yevlax, Ağdaş, Ucar, Göyçay və Ağsu rayon elektrik şəbəkələri;

2.7. Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri.