Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 20-də bir sıra rayon Elektrik Şəbəkələrində (EŞ) təmir işləri aparılacaq.


Ağdaşda 10 kV-luq "Ərəbocağı" və 2 saylı şəhər hava xətlərində görüləcək təmir işləri zamanı şəhər ərazisində Cəfər Cabbarlı, İmadəddin Nəsimi, M. Əfəndiyev, Molla Pənah Vaqif küçələri, Su-18 yaşayış massivi və rayonun Ərəbocağı kəndinin bir hissəsində saat 10:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Göyçayın Alıkənd, Qaraxıdır, Qaraman, Ləkçılpaq, Mırtı, Yalman kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək 10 kV-luq hava xəttinə toxunan ağacların budanması və Komplekt Transformator Məntəqəsində (KTM) icra ediləcək təmir işləri ilə əlaqədar enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.


Yevlaxda 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasından çıxan 6 kV-luq bəzi fiderlərdə təmir işləri həyata keçiriləcək. Planlı fasilə saat 10:00-dan 15:00-dək Aşağı Salamabad, Bəydili, Əcəmi, Əkşəm, Gülövşə, Hacıselli, Havarlı, Marzılı, Yuxarı Salamabad kəndlərini əhatə edəcək.


Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, həmçinin artan yük tələbatının qarşılanmasına xidmət edəcək.