Ətraf Mühitin Qorunması


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Bu siyasəti rəhbər tutaraq "Azərişıq" ASC də öz fəaliyyətində ətraf mühitin mühafizəsini və ekoloji problemləri daim diqqət mərkəzində saxlayır.

"Azərişıq" ASC ölkə boyunca apardığı tikinti-yenidənqurma işlərində ekoloji aspektlərə və ətraf mühitin mühafizəsinə, ətraf mühitə təsirin minimuma endirilməsinə böyük diqqət yetirir. Bu istiqamətdə əsas tədbirlər aşağıdakılardır:


Müəssisədə və onun istehsalat sahələrində çalışan işçi personalın iş prosesi zamanı ətraf mühitə mənfi təsirini aradan qaldırmaq məqsədilə ekoloji maarifləndirmənin, personalın ümumi ekoloji mədəniyyətinin yüksəldilməsinin həyata keçirilməsini təşkil edir;

Müəssisədə və onun istehsalat sahələrində ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadəsi üzrə Azərbaycan Respublikasının Qanunlarını rəhbər tutaraq İSO 14001 Beynəlxalq standartının tələblərinə uyğun olaraq ekoloji idarəetmə sistemini qurur və inkişaf etdirilməsini təmin edir;

Müəssisədə işçilərin iş prosesi zamanı ətraf mühitə və insanların sağlamlığına təsir edəcək ekoloji risklərin proqnozlaşdırılması və ekoloji aspektlərin qiymətləndirilməsini həyata keçirir;

Müəssisənin sahəsində olan bütün inzibati və digər binaların, o cümlədən  yaşıllıqların təmizliyinin və dezinfeksiya işlərinin aparılmasını təşkil və nəzarət edir;

Müəssisənin sahəsində olan bütün yaşılllıqların suvarılması və onlara vaxtında düzgün qulluq edilməsini təmin edir;

Qurumuş, budanmağa ehtiyacı olan və təhlükə yarada biləcək ağacları müəyyənləşdirərək vaxtında müvafiq tədbirlərin görülməsini təmin edir;

Məişətdə və İstehsalatda əmələ gələn  tullantıların invertarlarını aparmaq, onların toplanmasına, daşınmasına və müvafiq poliqonlara verilməsini təmin edir;

Müəssisə ərazisinin zibillənmədən qorumaq məqsədilə tullantı qabları və tullantı konteynerləri ilə təmin olunmasını təşkil edir;

Müəssisənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair vaxtaşırı iməcliklərin keçirilməsini təşkil edir;

Qapalı məkanlarda böyük yarpaqlı yaşıl bitkilər yerləşdirilir.


Tullantıların idarə olunmasına dair təlimat:

Tikinti işlərini həyata keçirən podratçı şirkətlərdən işlərə başlamazdan əvvəl ətraf mühitin idarə olunması planını "Azərişıq" ASC-yə təqdim etmələri və razılaşdırmaları tələb olunur;

Tikinti sahələrində arxeoloji tapıntılara və ya hər hansı mədəni irsə təsadüf edildikdə, tikinti işləri dərhal dayandırılır və arxeoloji qurumlara məlumat verilir;

Tikinti-quraşdırma işləri aparılan sahələrdə yerləşən ağaclar yerli yaşıllaşdırma orqanları ilə razılaşdırılaraq xüsusi texnikanın köməyi ilə qanunvericiliyə uyğun qaydada başqa əraziyə köçürülür, köçürülməsi mümkün olmadığı üçün kəsilmiş ağacların əvəzinə başqa ərazilərdə 10 misli ağac əkilir;

Tikinti-quraşdırma işləri aparılarkən normalara əsasən səs-küy və titrəyiş həddi üzrə göstəricilərə əməl olunur;

Köhnə transformatorlar söküldükdən sonra "Azərişıq" ASC-nin laboratoriyası transformatorlardan nümunələr götürərək yağlarda polixlor bifenil tərkibinin olmasını yoxlayır, aşkar edildiyi təqdirdə həmin yağları xüsusi konteynerlərə toplayaraq zərərsizləşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış Təhlükəli Tullantıların Zərərsizləşdirilməsi Poliqonuna təhvil verir;

Asbest tərkibli təhlükəli materialların atılması müvafiq lisenziyaya malik şirkətlər tərəfindən həyata keçirilir və zərərsizləşdirilir;

Tikinti işləri aparılarkən quru mövsümdə nəqliyyatın hərəkətindən tozun yaranmasını əngəlləmək üçün sulama həyata keçirilir;

İş sahəsində yaranan çirkab suları kanalizasiya sisteminə qoşulma ilə ərazinin kanalizasiya sisteminə ötürülür;

Tikinti-quraşdırma işləri aparılarkən ictimaiyyətin və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün müvafiq xəbərdarlıq işarələri quraşdırılır;

İşçi heyətə mütəmadi olaraq “işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi” mövzuları üzrə təlim keçilir;

Tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra sahə öz əvvəlki vəziyyətinə qaytarılır.


"Azərişıq" ASC ölkədə aparılan ağacəkmə kampaniyalarında daima fəal surətdə iştirak edir.