“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın üçüncü regional turu Qəbələdə təşkil olunub.
110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzində keçirilən açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək yarışların əhəmiyyətindən bəhs edib. Bildirib ki, “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları” mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirir. Eləcə də onlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan islahatlar, həmçinin “Azərişıq” ASC tərəfindən son 5 ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr barədə geniş məlumatlar əldə edirlər.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 8 komanda – “Balakən Elektrik Şəbəkəsi (EŞ)”, “İsmayıllı EŞ”, “Qax EŞ”, “Qəbələ EŞ”, “Oğuz EŞ”, “Şamaxı EŞ”, “Şəki EŞ”, “Zaqatala EŞ" nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 sual cavablandırıblar.
Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Komandaların hər iki mərhələdə topladıqları balların nəticələrinə əsasən Şimal-Qərb RETSİ üzrə keçirilən regional turun qalibi "Zaqatala EŞ" olub. Beləliklə, komanda “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın Hadrutda təşkil olunacaq final turunda iştirak edəcək.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- Bakı, Abşeron və Sumqayıtın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 10 Sentyabr 2026
- “Azərişıq” ASC Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri həyata keçirir 28 Avqust 2026
- Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Mart 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026
- Təmir və yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 06 Oktyabr 2026