Son zamanlar bəzi çoxmənzilli binalarda və böyük obyektlərdə baş verən yanğın hadisələri bir daha göstərir ki, bəzi sahibkarlar tərəfindən təhlükəsizlik texnikası, elektrik qurğularının quraşdırılması və elektrik enerjisindən istifadə qaydalarına dair müvafiq qanunverciliyin tələblərinə əməl edilmir, nəticədə vətəndaşlara çox ciddi maddi və mənəvi ziyan dəyir. Təəssüflər olsun ki, hələ də obyektlər və çoxmənzilli binalar bir çox hallarda elektrotexniki normalara əməl olunmadan inşa edilir.
Baş verən yanğınların səbəbləri araşdırılarkən müəyyən olunur ki, tikinti obyektləri, binalar, evlər inşa edilərkən enerji təsərrüfatına aid olan işlər texniki normalara və qaydalara uyğun aparılmır. Bir çox hallarda elektrik naqilləri və avadanlıqları qeyri-peşəkar quraşdırıldığından, eyni zamanda onlara istismar qaydalarına uyğun qulluq göstərilmədiyindən qeyd olunan bədbəxt hadisələr baş verir.
Abonentləri bədbəxt hadisələrdən qorumaq məqsədi ilə “Azərişıq” ASC tərəfindən texniki qaydalara əməl etməyən obyekt sahiblərinə, çoxmənzilli bina inşa edən sahibkarlara mütəmadi olaraq xəbərdarlıqlar olunmasına baxmayaraq, qeyd olunan nöqsanlar hələ də aradan qaldırılmayıb. Odur ki, “Azərişıq” ASC tərəfindən enerji təchizatı sistemində problemi olan şirkətlərin siyahısının yaxın günlərdə mediaya təqdim olunması nəzərdə tutulur.
Qüvvədə olan qaydalar tələb edir ki, inşa edilən çoxmənzilli binalarda yaşayan sakinləri və obyektləri keyfiyyətli, dayanıqlı və təhlükəsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə enerji təchizatı müəssisəsi ilə sahibkar arasında enerjinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və yalnız ondan sonra mənzillər enerji ilə təmin oluna bilər. Bəzi sahibkarlar əksər hallarda qanunun tələblərini yerinə yetirmir və məsuliyyətdən boyun qaçırmaq üçün istehlakçıları “Azərişıq” ASC ilə üz-üzə qoymağa çalışırlar.
Bir daha vətəndaşlarımızın nəzərinə çatdırmaq istəyirik ki, “Azərişıq” ASC-nin rəsmi saytında yaradılmış xüsusi bölmədən istifadə edərək yeni tikililərdən obyekt və ya mənzil alarkən gələcəkdə elektrik enerjisi təchizatında problemlərin yaranmaması üçün binanın texniki sənədlərinin düzgünlüyü və kommunal təminatının vəziyyəti haqqında məlumat əldə etsinlər. Eləcə də tikinti aparan təşkilat bu sistemin yaradılması zamanı normativ sənədlərin tələblərinin icrası və bu günə qədər inşa etdikləri binalarda elektrik quraşdırma işləri yerinə yetirilən zaman binanın və yaşayacaq sakinlərin təhlükəsizliyinin təmin olunmasında gördüyü işlərin keyfiyyəti barədə məlumatlarla öncədən tanış olsunlar.
Digər xəbərlər
- “Azərişıq” ASC Binə qəsəbəsində yenidənqurma işlərini davam etdirir 27 Avqust 2024
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 31 May 2024
- “Azərişıq” ASC Kürdəmirdə elektrik şəbəkəsinin yenilənməsi işlərini davam etdirir 03 Avqust 2024
- Müasir sayğacların tətbiqi elektrik enerjisi üzrə debitor borcların yığlmasında əhəmiyyətli rol oynayır. 01 Oktyabr 2024
- Elektrik enerjisinin istifadəsi ilə bağlı maarifləndirmə tədbirləri 14 İyun 2024