Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyi məcburi köçkün ailələrə bayram sovqatı paylayıb.
Ölkə əhalisinin həssas təbəqəsi olan məcburi köçkünlər Novruz bayramını böyük ümidlə gözləyir, tezliklə doğma yurda qayıtmaq arzusu və inamı ilə bayram tonqalı ətrafına toplaşırlar. Sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkün ailələrinin bayramı el adətlərinə uyğun keçirməsinə dəstək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyi tərəfindən birgə humanitar yardım aksiyası təşkil edilib.
Məcburi köçkünlərin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev onların sosial problemlərinin həllini dövlət siyasətinin prioritetlərindən biri elan edib və bununla əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva onlara xüsusi qayğı göstərilməsini, təhsil, sağlamlıq məsələlərini daim diqqətdə saxlayır.
Bildirilib ki, hazırda koronavirus xəstəliyinin qlobal pandemiyaya çevrilməsi ilə bağlı yaranmış fövqəladə şəraitdə respublikamızda əhalinin, o cümlədən məcburi köçkünlərin bu təhlükəli virusdan qorunması üçün kompleks tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi sosial izolyasiya tədbirlərinin icrası zəruridir, bu sahədə görülən işlərə hər bir vətəndaşın, bütün cəmiyyətin dəstəyi vacib şərtdir.
Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyinin nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” və “Ümid” yaşayış komplekslərində yaşayan 2500-dən çox məcburi köçkün ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Bildirilib ki, hər üç təşkilat daim onların yanında olacaq, belə görüşlər davamlı xarakter daşıyacaq.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib, dövlətimizin gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə, doğma Qarabağın hər yerində Novruz tonqallarının qalanacağına əminliklərini ifadə ediblər.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 09 Avqust 2026
- Təmir və yenidənqurma işləri ilə əlaqədar paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 14 Oktyabr 2026
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 16 Sentyabr 2026
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026