2023-cü il 3 noyabr tarixində Nazirlər Kabineti tərəfindən 399 nömrəli Qərar qəbul edilərək, "Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması" Qaydası təsdiq edilib. Qayda 2024-cü il 3 iyun tarixindən qüvvəyə minib və elektrik şəbəkəsinə qoşulma və ya əlavə enerji alışı üçün müraciət prosesində ciddi dəyişiklikləri özündə ehtiva edir.
Dəyişikliklərə əsasən "Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması" və "Qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması" xidmətlərinin ləğvi və onların əvəzinə "Enerji Təchizat Şəbəkəsinə Qoşulma" adı altında vahid xidmətin yaradılması məqsədəuyğun hesab edilir. Yeni yaradılan xidmət, elektrik şəbəkəsinə qoşulma prosesini daha da optimallaşdıraraq, həm fiziki şəxslər, həm də biznes subyektləri üçün vahid, şəffaf və effektiv prosedur təmin edəcək.
Həmçinin yeni qaydalara əsasən "Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə" Tarif Şurasının 2024-cü il 3 may tarixli 4 nömrəli Qərarı ilə vahid tariflərin tətbiqi həyata keçirilir. Bu qərarla elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişlərin məbləği eyniləşdirilib, xidmətlər üçün daha şəffaf və əlçatan qiymət siyasəti formalaşdırılıb. Vahid tariflərin tətbiqi, abonentlərin ödənişləri ilə bağlı suallarını azaldaraq, elektrik şəbəkəsinə qoşulma prosesinin daha asan və anlaşılır olmasına imkan yaratmışdır.
Yeni "Enerji Təchizat Şəbəkəsinə Qoşulma" xidmətinin elektronlaşdırılması da ən önəmli yeniliklərindən biridir. Bunun üçün vətəndaşlar https://e-gov.az/ portalı və ya https://e-service.azerishiq.az/ saytı üzərindən müraciətləri rahatlıqla edə bilərlər.
Bu, müraciət prosesini xeyli sürətləndirir və sadələşdirir. Elektron sistem vasitəsilə müraciətin statusunu izləmək və lazım olan məlumatları asanlıqla əldə etmək mümkündür. Elektron sistem müraciətlərin şəffaf və obyektiv şəkildə emal edilməsini təmin edir, həmçinin insan faktorundan asılılığı azaldır.
Digər xəbərlər
- “Azərişıq” ASC öz fəaliyyətində elektron xidmətlərin sayını artırır 17 İyul 2024
- “Azərişıq” ASC Hadrutda maarifləndirici tədbir keçirib 17 İyul 2024
- "Azərişıq" ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır 23 İyul 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir 16 İyul 2024
- “Azərişiq” ASC Füzulidə sahibkarlarla görüş keçirib 24 Sentyabr 2024