Enerji itkilərinin azaldılması enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə, Cəmiyyət, müasir və daha səmərəli - amorf nüvəli güc transformatorlarının tətbiqi, rəqəmsal yarımstansiyaların tikintisi, güclərin simmetrik bölüşdürülməsi, abonentlərin ağıllı sayğaclarla təmin olunması və s. kimi tədbirləri mütəmadi davam etdirir.


İtkisi böyük olan elektrik şəbəkələrində transformator məntəqələri, elektrik verilişi xətləri, sayğac uçot dəstlərinə baxışlar keçirilərək təhlillər aparılır, normadan artıq yüklənmiş transformatorlar müəyyən edilir və görülən işlərlə bağlı müvafiq sənədləşmələr aparılır.


Elektrik enerjisi itkilərinin azaldılması istiqamətində həyata keçirilən işlər bu sahədə normativ-hüquqi aktların tələblərinə uyğun olaraq aparılır. Təhlillər nəticəsində həmçinin, enerji itkiləri olan yaşayış məntəqələri də müəyyən edilir, elektrik şəbəkəsinin yenidən qurulması işləri aparılır. Yenidənqurma işlərinin əsas məqsədi abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək, eyni zamanda enerji itkilərinin qarşısını almaqdır.


Güc mərkəzləri və yarımstansiyaların dam örtüyündə quraşdırılan kiçik Günəş elektrik Stansiyalarında istehsal olunan enerji şəbəkəyə inteqrasiya olunmaqla, texnoloji itkilərin kompensasiya edilməsində mühüm əhəmiyyət kəsb edir. Ötən il ərzində, “Azərişıq” ASC üzrə qurulan ümumi gücü 997 kVt olan GES-da 1,4 mln.kVt saat elektrik enerjisi istehsal edilərək, eyni həcmdə enerji itkiləri bərpa olunub.


Ağıllı sayğacların quraşdırılması da enerji itkilərinin minimuma endirilməsində mühim əhəmiyyət kəsb edir. Belə ki, bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları aradan qaldırılır, eyni zamanda qanunsuz qoşulmaların və kənar müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.


Cəmiyyət tərəfindən şəbəkələrdə elektrik enerjisi itkilərinin müəyyən edilməsi və aradan qaldırılması işləri davam etdirilir.