Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində (EŞİTM) müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi, avtomatika sistemləri və 0,4 kV şəbəkələrini də əhatə edən SCADA dispetçer idarəetmə sistemi quraşdırılıb.
Mərkəzin ərazisində elektromobillərin enerji ilə doldurulmaları üçün müvafiq qurğular yerləşdirilib. Burada, həmçinin günəş enerjisi ilə çalışan panellər quraşdırılıb. Həmin panellər vasitəsilə əldə olunan enerjinin bir hissəsi yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilməsi və elektromobil enerji doldurma cihazları üçün istifadə olunur. Qalan enerji isə avtomatik rejimdə şəbəkəyə ötürülür.
Şuşa şəhərinin ənənəvi elektrik təchizat şəbəkəsi rəqəmsal xəritə sisteminə köçürülərək planlama və ölçmə işlərinin aparılması təmin ediləcək. Şəhərin estetik görünüşünə xələl gətirən əvvəlki 48 Komplekt Transformator Məntəqəsi (KTM) əvəzinə müasir güc kabelləri ilə 35/0,4 kV-luq 9 transformator yarımstansiyası vasitəsilə dairəvi təchizat sxeminin qurulması həyata keçirilməkdədir. Bütün bunların nəticəsində kənar fiziki müdaxilələr və ətraf mühitin təsiri aradan qaldırılmış olur, ekoloji tələblər yerinə yetirilir, meşə zolaqları və canlı orqanizmlərin yanğın təhlükəsizliyi ilə bağlı risklər aradan qaldırılır. Bundan başqa, enerji itkiləri 3-3,5 faizədək azaldılır, işçi qüvvəsi, mal-material və istismar xərclərinə 60 faizədək qənaət olunur, enerji təchizatının keyfiyyət parametrləri yaxşılaşdırılır, texniki təhlükəsizlik qaydaları tam təmin edilir.
Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılan dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib, Nöqtə Buludu texnologiyasından istifadə edilməklə ərazinin virtual xəritəsi hazırlanıb, əraziyə getmədən sahədə ölçmə və layihələndirmə işlərinin yerinə yetirilməsi, görüləcək işlərin əvvəlcədən planlaşdırılaraq vaxta qənaət edilməsi, həyata keçirilən işlərin monitorinqinin və qiymətləndirilməsinin aparılması təmin olunacaq. Bundan əlavə, Şuşa şəhərinin və Mərkəzin Virtual Tur modeli hazırlanıb ki, bununla da cihaz və avadanlıqların, habelə şəbəkə aktivlərinin məsafədən əyani şəkildə təlim-tədrisinin təşkili mümkün olacaq.
Bildirildi ki, beynəlxalq təcrübədə istifadəsi və iqtisadi-texnoloji üstünlükləri nəzərə alınaraq Şuşa şəhərinin Rəqəmsal Əkiz modeli hazırlanıb, bu da EŞİTM-in təsnifat modelinə daxildir. Belə ki, burada quraşdırılan xüsusi monitorlar vasitəsilə Rəqəmsal İdarəetmə Mərkəzinin, rəqəmsal yarımstansiyanın, 3D mobil xəritə və Rəqəmsal Əkiz modelin, Kompozit dayaqların, optik lifli güc kabelləri ilə qurulan 35/0,4 kV şəbəkə modelinin, Yeni Yaşma Külək Enerji Stansiyasının, mikro-fotovoltaik stansiyaların, elektron xidmətlərin, SCADA sisteminin, bərpaolunan enerji mənbələrinin, qabaqcıl ölçmə infrastrukturun, Şəbəkələrin Dron Monitorinq Sisteminin, müasir 0,4 kV-luq Dispetçer və Smart Sayğac oxuma sistemlərinin interaktiv rejimdə izlənməsinə imkan yaranacaq.
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzini işə saldı.
Mərkəzdə təhlükəsizliyin təmin edilməsi və qəzaların aradan qaldırılması məqsədilə qapalı paylayıcı quruluşla digər yarımstansiyalar arasında əlaqələr, eləcə də yarımstansiyadan çıxan elektrik verilişi xətləri yeraltı kabellər vasitəsilə həyata keçirilir.
Burada növbətçi heyət üçün lazımi iş şəraiti, müvafiq xidmət otaqları yaradılıb, ərazidə geniş abadlıq işləri görülüb.
Qeyd edək ki, Yaşıl Enerji Zonasında “Azərişıq” ASC tərəfindən qurulan paylayıcı şəbəkələrdə mikrosəviyyəli bərpaolunan enerji mənbələrinin tətbiqi enerji itkilərinin kompensasiyası, xüsusi sərfiyyat tələbatının ödənilməsi, enerji böhranı hallarında güc mərkəzlərinin dayanıqlı işinin təmini və elektrik avtomobillərinin enerji ilə təchiz edilməsi üçün nəzərdə tutulub. Bununla yanaşı, paylayıcı şəbəkələrdəki enerji obyektlərinin dam örtüklərində quraşdırılan Günəş enerji mənbələri bir sıra üstünlüklərə malikdir. Belə ki, bu mənbələr əlavə torpaq sahəsi tələb etmir, müasir ekoloji tələblərə cavab verir, güc mənbəyinə kommutasiyası ciddi xərc tələb etmir, illik ən azı 40 min kVts enerji istehsalı imkanına malikdir. Bir Günəş enerji mənbəyi ilə ildə 1150 elektromobilin enerji tələbatını təmin etmək mümkündür ki, bu da ildə 23 min ton karbohidrogen yanacağına qənaət deməkdir.
Müasir paylayıcı şəbəkələrdə tətbiq edilən paylanmış generasiya mənbələri, eyni zamanda, enerji böhranı hallarında qlobal mənbələr şəbəkəsi yaratmağa imkan verir ki, bu da enerji təchizatında dayanıqlılığı artırır.
“Azərişıq” ASC-nin bütün şəbəkələri üzrə transformator yarımstansiyalarının yaşıl enerji mənbələri ilə təchiz edilməsi nəticəsində illik 48 milyon kVts elektrik enerjisinin hasil olunması ilə 12 milyon kubmetr təbii qaza qənaət etmək mümkündür. Nəticədə Günəş enerji sistemlərinin bütün istismar dövrü ərzində CO2 (karbon dioksid) kvota dəyəri də nəzərə alınmaqla, 145,4 milyon manat vəsait əldə edilə bilər.
İşğaldan azad edilmiş ərazilərdə inşası nəzərdə tutulan 400-dən çox enerji obyektində tətbiq ediləcək yaşıl enerji mənbələrinin bütün istismar dövrü ərzində orta hesabla 480 milyon kVts elektrik enerjisi ilə 120 milyon kubmetr təbii qaza qənaət təmin oluna bilər. Bununla yanaşı, bərpaolunan enerji mənbələrinin paylayıcı şəbəkələrdə tətbiqi iqlim dəyişikliklərinin mənfi təsirlərinin qarşısının alınmasında ölkəmizin Paris Sazişi üzrə istilik effekti yaradan qazların emissiyasının 2030-cu ilədək 35 faiz azaldılmasına imkan verəcək.
Digər xəbərlər
- "Azərişıq" ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır 23 İyul 2024
- “Azərişıq” ASC Hadrutda maarifləndirici tədbir keçirib 17 İyul 2024
- Paylayıcı şəbəkədə elektrik enerjisi itkilərinin azaldılması istiqamətləri. 25 Oktyabr 2024
- “Azərişiq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir. 01 İyun 2024
- Binədə yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 02 Dekabr 2024