Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 3200 KVA gücündə “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.
Yarımstansiyanın elektrik təchizatı üçün “Xankəndi-1” və “Əsgəran” yarımstansiyalarından müvafiq olaraq elektrik verilişi xətləri çəkilib. Tikintisi aparılan 35 kV-luq elektrik verilişi xətti vasitəsilə bu yarımstansiya “Ağdam-2” yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da Ağdam-Əsgəran-Xocalı-Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq.
Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə isə şəbəkələrin cari vəziyyətinə dair bütün məlumatlar mərkəzləşdirilmiş şəkildə toplanılır və emal olunur, avadanlıqlar məsafədən idarə edilir və real vaxtda monitorinqi rəqəmsal sistemlər vasitəsilə həyata keçirilir. Yarımstansiya bu məqsədlə yeni nəsil rəqəmsal texnologiyalar və idarəetmə avadanlıqları ilə təchiz edilib.
Bu Mərkəz şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaradır. Yarımstansiyadan qidalanan istehlakçılara elektrik enerjisi verilişində yaranan fasilələr barədə Mərkəz vasitəsilə real vaxt rejimində əvvəlcədən məlumat ötürülmə imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin elektrik şəbəkələrinə inteqrasiyası prosesi Rəqəmsal İdarəetmə Mərkəzi tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunduğundan enerji təchizatında fasilələrin yaranma riski minimuma endirilib. Mərkəz alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiyanın işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir.
Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə Günəş panelləri də quraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilib, ərazisində elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılıb.
Digər xəbərlər
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 10 Fevral 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026