Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 16-da Yasamal və Xəzər rayonlarında elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.



Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri zamanı Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nəriman Nərimanov, Rahib Tağıyev, Vasif Əliyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.



Xəzər RETSİ-nə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivləri, Buzovna qəsəbəsi Abşeron küçəsinin bəzi ərazilərində 35/6 kV-luq 491 saylı yarımstansiyada həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq. Həmçinin 6 kV-luq hava xətti üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri icra edilərkən saat 11:00-dan 16:00-dək Binə Sovxoz yaşayış massivinin bir sıra yerlərində enerjinin verilişi məhdudlaşdırılacaq.



Elektrik təsərrüfatında həyata keçiriləcək təmir işləri Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Ceyranbatan və Sumqayıt Elektrik Şəbəkələri EŞ), Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsini (RETSİ) əhatə edəcək. Beləliklə, 10/6 kV-luq TM-də icra ediləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək Ceyranbatan gölünün yuxarı hissəsi, Xırdalan şəhəri Həsən Əliyev küçəsi, Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsi, Saray qəsəbəsi Rövşən Əliyev küçəsi və Yeni Saray yolunun sol, sağ hissələrində enerjinin verilişi müvəqqəti dayandırılacaq.



Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.