Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Paylayıcı şəbəkələrin rəqəmsallaşdırılmasının dünəni,bu günü, sabahı”adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. “Azərişıq” ASC-nin Şuşada təşkil etdiyi konfransdan öncə tədbir iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər.
Konfransda dövlət qurumlarının rəsmiləri ilə yanaşı, Türkiyə, Almaniya, Belçika, Rusiya, Qırğızıstan və Tatarıstan Respublikasından gələn nümayəndələr iştirak etdilər. Konfransı giriş sözü ilə açan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1970-1980-ci illərdə elektroenergetika sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar indi də bu sistemdə və şəbəkələrinin rəqəmsallaşdırılmasında sağlam təməl rolunu oynayır. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxışı zamanı tədbir iştirakçılarını salamladı və Şuşada keçirilən bu beynəlxalq elmi-praktiki konfransı tarixi hadisə adlandırdı. Daha sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sahəsindəki rolundan bəhs edən sənədli film nümayiş etdirildi.
Konfrans iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ölkə başçısının xüsusi diqqət və nəzarəti altında aparılan genişmiqyaslı yenidənqurma işləri, elektroenergetika sahəsinin müasir tələblər əsasında qurulması haqqında da geniş məlumat verildi.
Qonaqlar arasında yer alan keçmiş mer Oleq Budarqin maraqlı faktı açıqladı. O bildirdi ki, Sovet dövründə siyasi hakimiyyətdə olan Heydər Əliyev tərəfindən Narinsk şəhərinin meri təyin edilib. Tədbirin əhəmiyyətinə də toxunan Oleq Budarqin Şuşada keçirilən bu beynəlxalq konfransı Davos dünya iqtisadi forumu ilə müqayisə etdi.
Həmçinin konfrans iştirakçılarına “Qarabağ - Yaşıl Enerji zonası” tələblərinin beynəlxalq normalarının müasir texnologiyalar və innovativ həllərlə tətbiqi, elektroenergetika sistemi və şəbəkələrində ekoloji amillərin nəzərə alınması, həyata keçirilən mühüm texniki-iqtisadi tədbirlər haqqında da ətraflı məlumat verildi. Geniş fikir mübadiləsinin aparıldığı tədbirdə işğaldan azad edilmiş ərazilərdə rəqəmsallaşma proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir şəbəkə quruculuğu indikatorlarının müəyyən edilməsi və tətbiqi istiqamətində müştərək metodik vəsaitlər və elmi araşdırmaların hazırlanmasına qərara alındı.
Konfransdan sonra Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya təşkil edildi, tədbir iştirakçılarını maraqlandıran suallar təfərrüatı ilə cavablandırıldı.
Elektrik şəbəkələrinin rəqəmsallaşdırılması istiqamətində hazırda atılan addımlar və gələcəkdə həyata keçiriləcək islahatların elmi-texniki və iqtisadi aspektlərinin beynəlxalq ekspertlərlə mütəmadi təcrübə mübadiləsinin, iştirakçı ölkələrdə təsdiq edilmiş tematikalar üzrə fikir mübadilələrinin təmin edilməsi haqqında razılıq əldə olundu, “Beynəlxalq energetiklərin Şuşa təşəbbüsü” adlı sənəd hazırlanaraq konfrans iştirakçılarına təqdim edildi.
Digər xəbərlər
- Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq 14 Yanvar 2025
- Elektrik enerji təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi davam etdirilir. 11 Yanvar 2025
- "Azərişıq" ASC Müştəri Məmnuniyyəti Sorğusunda yüksək nəticə əldə edib 06 Yanvar 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2025
- Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kənd ərazsində yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. 16 Yanvar 2025