AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 122

Bakı şəhəri, 11 mart 2016-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nda dəyişikliklər edilməsi barədə

 

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haq-qında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 884; 2014, № 6, maddə 745; 2015, № 3, maddə 331, № 6, maddə 785) ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci hissənin "Təbii inhisara aid edilən fəaliyyət növləri" sütunundan "və paylanması" sözləri çıxarılsın və həmin sütunda "xidmətləri" sözü "xidməti" sözü ilə əvəz edilsin.

2. 9-cu hissənin "Müəssisənin (təşkilatın) adı" sütununda "Abşeron Regional Elektrik Şəbəkəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti" sözləri "Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) - Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsi" sözləri ilə əvəz edilsin.

3. 10-cu hissənin "Müəssisənin (təşkilatın) adı" sütununda "Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti" sözləri "Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) - Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri" sözləri ilə əvəz edilsin.

4. 11-ci və 17-ci hissələr ləğv edilsin.

5. 12-ci hissənin "Müəssisənin (təşkilatın) adı" sütununda "Şirvan Regional Elektrik Şəbəkəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti" sözləri "Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri" sözləri ilə əvəz edilsin.

6. 13-cü hissənin "Müəssisənin (təşkilatın) adı" sütununda "Gəncə Regional Elektrik Şəbəkəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti" sözləri "Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Gəncə) - Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax və Ağstafa rayon elektrik şəbəkələri" sözləri ilə əvəz edilsin.

7. 14-cü hissənin "Müəssisənin (təşkilatın) adı" sütununda "Mingəçevir Regional Elektrik Şəbəkəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti" sözləri "Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) - Mingəçevir, Goranboy, Naftalan, Tərtər, Bərdə, Yevlax, Ağdaş, Ucar, Göyçay və Ağsu rayon elektrik şəbəkələri" sözləri ilə əvəz edilsin.

8. 15-ci hissənin "Müəssisənin (təşkilatın) adı" sütununda "İmişli Regional Elektrik Şəbəkəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti" sözləri "Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri" sözləri ilə əvəz edilsin.

9. 16-cı hissənin "Müəssisənin (təşkilatın) adı" sütununda "Şəki Regional elektrik Şəbəkəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti" sözləri "Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Qəbələ) - Qəbələ, Şamaxı, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon elektrik şəbəkələri" sözləri ilə əvəz edilsin.

10. 18-ci hissənin "Müəssisənin (təşkilatın) adı" sütununda "Bakıelektrikşəbəkə" sözü "Azərişıq" sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə