“Azərişıq” və Dövlət Komitəsi tərəfindən aztəminatlı ailələrə yardım paylanıb

16.04.2020 / 485 baxış “Azərişıq” və Dövlət Komitəsi tərəfindən aztəminatlı ailələrə yardım paylanıb

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərişıq” ASC birlikdə yardım aksiyası həyata keçiriblər.

 

 Aprelin 15-də iki qurum tərəfindən Bakı şəhərindəki məcburi köçkün tənha şəxslərə və aztəminatlı ailələrə yardım göstərilib. 

 

Gündəlik tələbat mallarında ibarət olan 1200 ərzaq bağlaması paytaxtın Yasamal rayonunda - Azərbaycan Texniki Universitetinin və  Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanalarında, 1800 ərzaq bağlaması isə Binəqədi rayonu ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə verilib.

 

Risk qrupuna daxil olan insanların evdə qalması və  virusa yoluxmaqdan qorunması məqsədi güdən yardım aksiyası zamanı məcburi köçkünlərə infeksiyanın tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə olunub.

 

“Azərişığ”ın “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli jurnalistlərə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum ənənəvi olaraq bu tipli aksiyalarda iştirak edir:

 

“Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində əhalinin həssas qrupları, o cümlədən məcburi köçkünlər maddi dəstəyə ehtiyac duyurlar. Bu sahədə dövlətimizin müəyyənləşdirdiyi tədbirlərlə yanaşı, ayrı-ayrı qurumlar tərəfindən də sosial aksiyalar həyata keçirilir. “Azərişıq” olaraq biz də bu aksiyaya qoşulmuşuq və belə aksiyalar davamlı olacaq. Rəhbərliyimizin ciddi tapşırığı ilə növbəti ayda da belə bir aksiya həyata keçiriləcək”.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müayəndəsi Elşən Əliyev də açıqlamasında təmsil etdiyi qurumun ölkə rəhbərliyinin bu təşəbbüsünü dəstəklədiyini və davamlı olaraq bu aksiyaları keçirdiklərini qeyd edib.

 

Məcburi köçkünlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ediblər.