“Azərişıq” paytaxtda istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yenidənqurma işləri görüb

05.10.2019 / 21 baxış

Paytaxtın bir sıra rayon və qəsəbələrində istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən cari ilin 9 ayında yenidənqurma işləri görülüb. Hazırda növbə ilə istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqlarla təchiz olunması prosesi davam etdirilir.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O qeyd edib ki, yanvar-sentyabr aylarında Binəqədi rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/6 kilovoltluq “ETK-4” yarımstansiyası tam yenidən qurulub, yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 6 kilovoltluq qapalı paylayıcı qurğular yeni inşa edilərək eleqaz və vakuum tipli elektrik avadanlıqlarla təchiz olunub. Həmçinin 2x40 meqavolt/amper (MVA) gücündə transformator quraşdırılıb, qapalı paylayıcı qurğular 2 mərtəbəli binada yerləşdirilməklə növbətçi personal üçün bütün lazımi şərait yaradılıb: “Bundan başqa, Xəzər rayonu ərazisində 35/6 kilovoltluq 2x25 MVA gücündə “Binə Aqro” yarımstansiyası inşa edilərək istismara verilib. Xətai rayonunda 10/0,4 kilovoltluq 2x1600 kilovolt/amperlik 276 saylı, 2x1000 kilovolt/amper gücündə 3440 saylı, Yasamal rayonunda 6/0,4 kilovoltluq 2x1000 kilovolt/amper gücündə 394 saylı, 10/0,4 kilovoltluq 2x1600 kilovolt/amperlik 3330 saylı, 2x2500 kilovolt/amper gücündə 465 saylı, 2x1600 kilovolt/amper gücündə 19 saylı, 2x1000 kilovolt/amperlik 447 saylı transformator məntəqələri istehlakçıların istifadəsinə verilib”.

“Həmçinin Nərimanov rayonunda 10/0,4 kilovoltluq 2x1000 kilovolt/amper gücündə 456 saylı, Səbail rayonunda 10/0,4 kilovoltluq 2x1600 kilovolt/amperlik 944 saylı, Binəqədi rayonunda 6/0,4 kilovoltluq 2x1000 kilovolt/amper gücündə 591 və 499 saylı, Xəzər rayonunda 6/0,4 kilovoltluq 1000 kilovolt/amperlik “Binə Aqro”, Suraxanı rayonunda 6/0,4 kilovoltluq 630 kilovolt/amper gücündə “Hövsan zeytun zavodu” transformator məntəqələri inşa edilərək və yenidən qurularaq istismara verilib”, - deyə “Azərişıq” ASC-nin rəsmisi əlavə edib.