“Azərişıq” cənub bölgəsində yenidənqurma işlərini davam etdirir

21.06.2019 / 305 baxış “Azərişıq” cənub bölgəsində yenidənqurma işlərini davam etdirir

“Azərişıq” ASC ölkənin bütün regionlarında apardığı tikinti-bərpa işlərini cənub regionunda da davam etdirir.

ASC-dən bildirilib ki, Cənub Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün genişmiqyaslı işlər görülüb və hazırda görülməkdədir.

Masallı rayonunun ərazisində 35/10 kilovoltluq “Alvadı” yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Alvadlı kəndində 35 kilovoltluq yüksəkgərginlikli, 10 kilovoltluq ortagərginlikli hava xətləri yenilənib. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0,4 kilovoltluq hava xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni komplekt transformator məntəqələri (KTM) quraşdırılıb. 35/10 kilovoltluq “Qarğalıq” yarımstansiyasından qidalanan 10 kilovoltluq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulub, Boradigah qəsəbəsində 0,4 kilovoltluq hava xətti ÖİN kabellərlə əvəzlənib.

Lənkəran Elektrik Şəbəkəsində yeni inşa olunmuş 35 kilovoltluq “Səpnəkəran” yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndləri istiqamətində gedən 4 ədəd 10 kilovoltluq hava xətləri tam yenilənib, rayonun Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi kənd və qəsəbələrin 0,4 kilovoltluq hava xətləri ÖİN kabellərlə əvəzlənib, kəndlərdə yeni KTM-lər quraşdırılıb.

Astara rayonunun Şahağacı və Sekaşen kəndlərində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb. Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0,4 kilovoltluq hava xətləri ÖİN kabellərlə çəkilərək yenidən qurulub və hazırda bu istiqamətdə işlər rayonun Orand kəndində aparılır. Cəlilabad rayonunun Köçəkli və digər kəndlərində 0,4 kilovoltluq şəbəkə ÖİN kabellərlə əvəzlənir. Yardımlı rayonunun mərkəzində də hazırda yeni KTM-lər quraşdırılır, 0,4 kilovoltluq şəbəkə ÖİN kabellərlə əvəz edilir.

Biləsuvar rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün 110/35/10-6 kilovoltluq 2x25+10 MVA gücündə “Səmədabad” yarımstansiyası tam yenidən qurulmuşdur. Biləsuvar şəhərinin və rayonun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kilovoltluq şəbəkələrinin yenidən qurulması üçün dayaqlar quraşdırılır.