“Azərişıq” ASC Goranboy və Sabirabadda elektrik təsərrüfatını yeniləyəcək

23.07.2019 / 478 baxış

“Azərişıq” ASC Goranboy və Sabirabad rayonlarında yenidənqurma, əsaslı təmir-tikinti işlərinə başlayır. Bu, 25 min istehlakçının elektrik təchizatının yaxşılaşdırılmasına xidmət edəcək.

Bu barədə jurnalistlərə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O qeyd edib ki, “Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı çərçivəsində regionlarda kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirmək üçün iyulun 23-də daha 2 yük karvanını yola salıb. Dayaqlardan, yeni komplekt transformator məntəqələrindən (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlardan ibarət yükü “Azərişıq” ASC-nin mərkəzi təchizat anbarından götürən ağırtonnajlı yük avtomobilləri Goranboy və Sabirabad rayonlarının qəsəbələrinə istiqamət alıb. Bu maşın karvanının apardığı avadanlıqlar və materiallarla Goranboy rayonunun Tapqaraqoyunlu, Rus Borisi kəndlərinin, Sabirabadda isə Sərxanbəyli və Moranlı kəndlərinin, eləcə də bəzi digər yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenilənəcək.

Maşın karvanının apardığı yükə 12 ədəd KTM, bir neçə min kilometr elektrik verilişi xətləri, 4 min ədəd dəmir-beton dayaqlar, SİP-kabellər və sair daxildir.

“Azərişıq” tərəfindən ölkə başçısının göstərişı əsasında Azərbaycanın regionlarının, Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərinin elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu, ilin əvvəlindən bəri “Azərişıq” tərəfindən genişmiqyaslı yenidənqurma işləri üçün yola salınan 12-ci maşın karvanıdır. Bundan əvvəl Beyləqan Ağstafa, Ağsu, Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad rayonlarına, Bakının Xəzər rayonunun Binə qəsəbəsi və Binəqədi rayonunun “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb. “Azərişıq” ölkənin bütün regionlarında, ucqar dağlıq bölgələrində də elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirir. Bu işlərin ilin ikinci yarısında da fasiləsiz davam etdirilməsi nəzərdə tutulur. Əsas vəzifə dövlət başçısının qarşıya qoyduğu vəzifəyə uyğun istər Bakıda, istərsə də ölkənin ən ucqar bölgələri və kəndlərində abonentlərin elektrik enerjisi ilə fasiləsiz, keyfiyyətli təminatını həyata keçirməkdir.