Azərbaycanda müstəqil enerji sisteminin yaradıcısı.

15.05.2020 / 359 baxış Azərbaycanda müstəqil enerji sisteminin yaradıcısı.

Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə gəlişindən sonra respublikamı­zın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan energetika sektorunda da sürətli inkişafın təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirildi, irimiqyas­lı layihələr reallaşdırıldı. Azərbaycanın müstəqil enerji siste­minin formalaşması, bu yöndə enerji təhlükəsizliyinin daha etibarlı vəziyyətə çatdırılması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 30 il ərzində Azərbaycanın energeti­ka sistemində 3500 meqavata yaxın generasiya güclərinin, 70 min kilometrə yaxın elektrik ötürücü xətlərin istifadəyə verilməsi, enerji sisteminin real imkanlarının iki dəfədən çox artırılması məhz həmin fikrin məntiqi təsdiqidir.

Onu da qeyd edək ki, ümummilli lider ilk dəfə Azərbaycana rəhbərliyə başlayanda enerji sistemimiz iqtisa­diyyatın inkişafına təsir göstərəcək gücə malik deyildi. Ona görə də o dövrdə qonşu respublikalardan 2,9-3,5 milyard kilovat-saat elektrik enerjisi idxal etmək məcburiyyətində idi. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda “Şəmkir” SES və Cənubi Qafqazda ən iri elektrik stansiyası olacaq “Azərbaycan” DRES-in inşasına başlamaq qərara alındı. Bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu.

“Azərbaycan” DRES-in birin­ci enerji blokunun işə salınması respublikada əlamətdar hadisəyə çevrildi. Ümummilli lider bu münasibətlə 1981-ci il oktyabrın 20-də Mingəçevir şəhərinə gələrək, burada stansiyanın vəziyyəti ilə tanış oldu, energetiklərə və inşaat­çılara öz dəyərli tövsiyələrini verdi. Sonradan isə həmin təqvim cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirildi.

Xüsusilə qeyd etmək lazım­dır ki, həmin dövrdə Bakı və onun qəsəbələrinin də elektrik təsərrüfatının inkişafında yeni mərhələ başlanmış oldu. Belə ki, o vaxt Badamdar, Musabəyov qəsəbələrində, 8-ci kilometrdə, Əhmədli, Günəşli, Qaraçuxur yaşayış massivlərində, Respublika stadionunun ətrafında və s. yerlərdə möhtəşəm tikinti işləri gedirdi. Məhz həmin illərdə Bakı Metropoliteninin yeni stansiyaları, “Gülüstan” və Əl Oyunları sarayları, Bakı Dövlət Sirki, “Azərbaycan”, “Bakı”, “Abşeron” mehmanxanaları, elektrotexnika, elektron və digər sənaye sahələrinin iri müəssisələri istifadəyə verildi. Bütün bunların dayanıqlı enerji təchizatının təmin edilməsi bilavasitə Bakı Şəhər Elektrik Şəbəkəsinin üzərinə düşürdü və demək lazımdır ki, şəbəkə bu vəzifənin öhdəsindən layiqincə gəlirdi.

Yeri gəlmişkən, burada onu da xa­tırladım ki, ötən əsrin 70-ci illərində keçmiş Sovet İttifaqı ərazisində 6 kilovolt elektrik şəbəkələri 10 kilovolt gərginliyə məhz Bakıda, eləcə də şəbəkənin 220/127 voltdan 380/220 volt gərginliyə keçilməsi təmin edildi. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu həmin dövrdə respublika iqtisa­diyyatının sürətli inkişafına imkan verən və onun gələcəkdə iqtisadi cəhətdən müstəqilliyinə zəmin yaradan bir çox iri müəssisə və obyektlərin, o cümlədən Bakı Məişət Kondisionerləri, Heydər Əliyev adına Dərin Özüllər, Bakı Yeni Nefta­yırma zavodlarının tikintisinə nail olundu ki, onların elektrik enerjisi təchizatının təminatı üçün yeni inşa edilmiş 110 kilovoltluq yarımstansi­yalar istismara verildi.

Enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə böyük önəm verən ulu öndərin diqqəti sayəsində respublikamızın, o cümlədən, Bakının elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi.

Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə respublikada bu sistemin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra irimiqyaslı layihələr gerçəkləşdirildi, bir-birinin ardınca yeni elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri və yarımstansiyalar istifadəyə verildi. Şübhəsiz ki, bütün bunlar, ilk növbədə, Azərbaycanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsini real­laşdırdı, eyni zamanda, respublikanın sənaye potensialının artırılmasında önəmli rol oynadı.

Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin birinci dönəmində respublikamızın enerji sistemi­nin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsində ötən əsrin 90-cı illərinin sonlarında elektrik enerjisi istehsalı 23,4 milyard kilovat-saata çatdırılıb, istehlak isə 21,7 milyard kilovat-saata yaxın olub və 1,7 milyard kilovat-saat elektrik enerjisi ixrac edilib. Adambaşına düşən elektrik enerjisi isə 3300 kilo­vat-saatdan artıq olub.

Beləliklə, əgər 1969-cu ilədək Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq ölkəmiz elektrik enerjisi ixrac edən respub­likaya çevrildi. Bununla da, elekt­rik enerjisi sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Respublikaların maliyyə imkanları­nın məhdud olduğu bir dövrdə çox böyük maliyyə vəsaiti tələb edən bu irimiqyaslı işlərin görülməsi üçün keçmiş ittifaq büdcəsindən vəsaitin ayrılmasına nail olmaq həmin dövrdə heç də asan məsələ deyildi.

Energetika sahəsinin belə bir dinamik inkişafı isə Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi çətin və mürəkkəb siyasi şəraitdə respublikamızı regionda xüsusi ma­raqları olan xarici dövlətlərin enerji təhdidlərindən qoruya bildi.

Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdı­şından sonra ölkədə bütün sahələrdə əsaslı islahatların aparılmasına başla­nıldı. Azərbaycanın enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə böyük önəm verən ulu öndərin diqqət və qayğısı sayəsində respublikamızın, o cümlədən Bakı şəhərinin elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi. Ötən əsrin 90-cı illərində hər birinin uzunluğu 1,4 kilometr olan 110 kilovoltluq 1-ci və 2-ci Aeroport (“Qala” və “Suraxanı” yarımstan­siyaları arasında hava xəttindən budaqlanma), 1-ci H. Aslanov hava xətləri çəkildi. Bakı ətrafındakı Kürdəxanı, Şağan, Türkan, Zirə, Nar­daran qəsəbələrinin enerji təminatını yaxşılaşdırmaq məqsədilə 35 kV-luq yarımstansiyalar, habelə şəhərin digər yerlərində 99, 202, 212, 213, 431 saylı və s. yarımstansiyalar istismara verildi.

Ulu öndərimiz xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı elektroenergetika təsərrüfatının yenidən qurulması məsələlərini də diqqət mərkəzində saxlayırdı. Tikintisi hələ 1984-cü ildən yarımçıq qalan “Şəmkir” SES-in davamı olan Yenikənd Su Elektrik Stansiyasının inşasının başa çatdırılması bunun bariz ifadəsi idi. Xatırladım ki, keçmiş SSRİ süqut etdiyi vaxt burada tikinti işlərinin 60 faizi görülmüşdü. Lakin maliyyə vəsaitinin və düzgün idarəçiliyin olmaması səbəbindən müstəqillik dövründə – 1992-ci ildə həmin SES-in tikintisi dayandırıl­mışdı. Ümummilli lider 1995-ci ilin dekabırında Böyük Britaniya və Şimali İrlandiya Krallığına işgüzar səfəri zamanı investisiya proble­minin həllinə nail oldu, Avropa Yenidənqurma və İnkişaf Bankı stansiyanın tikintisinin başa çatdı­rılması üçün maliyyə dəstəyi verdi. Energetiklərimizin və inşaatçılarımı­zın səylə və məsuliyyətlə işləmələri nəticəsində 2000-ci ilin dekabr ayında 150 MVt gücündə olan Yenikənd SES işə salındı.

Həmin dövrdə reallaşdırılan tədbirlər hesabına ölkəmizin İran, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfdən Türkiyə ilə elektroenergetika sistemləri əlaqələndirilmişdir. Bununla yana­şı, “Energetika haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haq­qında” qanunların qəbulu ilə Heydər Əliyev, eyni zamanda, Azərbaycanın elektrik enerjisi sistemində qanun­vericilik bazasını formalaşdıraraq, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində mü­hüm tədbirlər həyata keçirmişdir.

Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, Azərbaycanda energetika sisteminin dönüş mərhələsi, başqa sözlə, iri tutumlu yarımstansiyaların, ötürücü xətlərin, istehsal obyektlərinin tikintisi hələ ötən əsrin 70-ci illərindən etibarən dahi öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə geniş vüsət almışdır. Hakimiyyətə qayıdı­şından sonra ümumilli liderimiz o zaman energetika sahəsində gördüyü işlər haqda belə deyib: “Hər dəfə elektrik stansiyası tikilməsi haqqında (SSRİ rəhbərliyi qarşısında – red.) məsələ qoyarkən mənə deyirdilər ki, sənə nəyə lazımdır. Bizdə–SSRİ-də vahid elektrik enerjisi sistemi var, bütün SSRİ-ni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə, verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Niyə özümü­zünkü olsun? Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olma­yaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir”.

Ümumiyyətlə, ulu öndərimiz istər ötən əsrin 70-80-ci illərində, istərsə də 1993-ildə hakimiyyətə qayıdışın­dan sonra Azərbaycanın energetika sahəsinə, o cümlədən, Bakı şəhərinin elektrik təchizatı işinə xüsusi diqqət və qayğı göstərmişdir.

Yeri gəlmişkən, burada tarixi bir hadisəni də yada salmaq istərdim. Ümumilli lider 2000-ci il oktyab­rın 20-də 1 nömrəli Bakı İstilik Mərkəzinin birinci növbəsinin açılışı mərasimində çıxışı edərək, deyib: “Bizim bu günkü toplantımız və bu nəhəng istilik-elektrik mərkəzinin açılışı tarixi bir hadisədir. Burada həmin bu yerdə əsrin əvvəlində – 1902-ci ildə bax, orada gördüyünüz, artıq köhnəlmiş, çürümüş, qaral­mış istilik elektrik mərkəzi tikilib. Təbiidir ki, o zaman üçün bu böyük hadisə idi. O vaxt Azərbaycanda neft sənayesi xarici şirkətlərin iştirakı ilə güclü inkişaf edirdi, neftayırma zavodları yaranmışdı, burada həm elektrik enerjisinə, həm də buxara eh­tiyac var idi. Təbiidir ki, o vaxta görə onun, həmin stansiyanın öz dəyəri vardı. Ancaq o vaxtdan 100 il keçib­dir. Ona görə də mən deyirəm ki, bu, bizim həyatımızda tarixi hadisədir. Yüz ildən sonra biz belə bir yeni elektrik stansiyası yaratdıq. Demək, XXI əsrə biz bax, belə gözəl, müasir texnologiyalı müəssisələrlə gedirik. Onlardan biri də budur”.

Dahi öndərin bu fikrini xa­tırlatmaqda məqsədim bu böyük şəxsiyyətin Azərbaycana rəhbərliyi illərində onun energetika sisteminin inkişafını daim diqqət mərkəzində saxlamasını, respublikamızın elektrik enerjisi sahəsində heç bir ölkədən ası­lı vəziyyətə düşməməsi və müstəqil enerji sisteminə malik olması üçün geniş miqyaslı tədbirləri görməsini bir daha vurğulamaqdır.

Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son 17 ildə elektroenerge­tika sisteminə, eləcə də paytaxtın elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərib. Ötən müddətdə bu sahədə genişmiqyaslı islahatlar gerçəkləşdirilib, yenidənqurma, tikinti işlər böyük vüsət alıb. Dövlətimizin başçısı aprelin 20-də Bakıda “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimində bu barədə ətraflı bəhs edərək qeyd edib: “Bizim müstəqilliyimizin hələ 30 yaşı tamam olmayıb. Biz müstəqil ölkə olanda enerji təsərrüfatımız bərbad vəziyyətdə idi. Ondan sonra daha da bərbad vəziyyətə düşdü. Biz o illəri xatırlayırıq. Burada bir “Bar­mek” şirkəti peyda olmuşdu, özü də qeyri-təmiz sxemlər əsasında, keçmiş məmurlarla sövdələşmə əsasında gəlib bizim Bakı şəhərinin bütün enerji təsərrüfatına sahib olub və pul qoymaq əvəzinə, bu sistemi bərbad vəziyyətə salıb, Azərbaycandan milyonlarla pul aparıb. Sonra da bu, azmış kimi, bizi hələ məhkəməyə vermək istəyirdi. Mənim göstərişimlə bu çirkin sövdələşməyə son qoyuldu, bu dələduz şirkət Azərbaycandan qovuldu və mənim sərəncamımla o vaxt “Azərişıq” Səhmdar Cəmiyyəti yaradıldı. Adını da mən qoymu­şam, “Azərişıq”. Biz bütün enerji təsərrüfatımızı dövlət mülkiyyətinə qaytardıq. Əgər bunu etməsəydik, bu gün biz qaranlıq içində yaşayacaqdıq və “Azərenerji”nin bütün əmlakı dağıdılacaqdı...”.

Doğrudan da, Prezident İlham Əliyevin imzaladığı 10 fevral 2015-ci il tarixi sərəncamla “Bakıelektrikşəbəkə” ASC-nin baza­sında yeni bir qurumun – “Azərişıq” ASC-nin yaradılması bir zərurət idi. Çünki bütün bölgələrin elektrik enerjisi ilə təchizatını paytaxt Bakının səviyyəsinə çatdırmaq, istehlakçılara yüksək keyfiyyətlə xidmət göstərmək kimi qarşıya böyük və məsuliyyətli bir vəzifə qoyulmuşdu.

“Azərişıq” ASC yaradıldıqdan dərhal sonra rəhbərlik və qurumun mütəxəssisləri tərəfindən mövcud vəziyyət öyrənilərək, genişmiqyas­lı təmir, yenidənqurma və tikinti işlərinə başlanıldı. Həmin məqsədlə reallaşdırılan Proqramın I hissəsi elektrik şəbəkələrinin reabilita­siyasını əhatə edən tədbirlərdən ibarət idi. Bu isə regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunma­sını, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasını, sənaye sahələrinin, habelə turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsini şərtləndirdi. Fiziki və mənəvi cəhətdən köhnələn elektrik dirəkləri, naqillər yeniləndi, transformator­lar təzələri ilə əvəzlənərək, müasir tipli yarımstansiyalar və komplekt transformator məntəqələri quraşdı­rıldı. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji avadanlıqlarla təchiz olundu. Regi­onal şəbəkələrin yenidənqurulması və müasir texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər, onların idarə edilməsi, yeni kadr potensialı­nın formalaşdırılması üçün kompleks tədbirlər reallaşdırıldı.

Prezident İlham Əliyev yeni strukturu yaradarkən qarşıya qoy­duğu “Bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır” tələbi “Azərişıq” kollektivinin əsas fəaliyyət devizinə çevrildi. Yaradıl­dığı çox qısa bir müddət ərzində, 2015-ci ildə “Azərişıq” ASC 3 yeni 110 kV-luq – Bakı şəhərində “Buzov­na-2”, Şəkidə “Göynük” və Gədəbəy rayonunda “Gədəbəy” yarımstan­siyaların inşasını başa çatdırdı. Bundan başqa, 110 kV-luq 100-ə yaxın yarımstansiya təmir olundu, 35 kV-luq gücündə 22 yeni yarımstan­siya istifadəyə verildi. Həmin gücdə 400-dək yarımstansiya təmir edildi. Gəncədə qədim şəhərsalma üslubu­na uyğun yeni yarımstansiya tikilib işə salındı. Həmçinin 35/6 kV-luq “Nizami” yarımstansiyasında Qərb Regional Tədris Mərkəzi istifadəyə verildi.

Xüsusilə nəzərə almaq lazımdır ki, ötən dövrdə bütün bu işlər demək olar ki, əlavə investisiya vəsaitləri cəlb etmədən – “Azərişıq” ASC-nin tam daxili resursları hesabına gerçəkləşdirilmişdir.

Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatan köhnə transformatorların yeni tip, qapalı komplekt transformator məntəqələri ilə əvəz olunması diqqət mərkəzində saxlanılıb. “Azərişıq” ASC tərəfindən indiyədək 5 minə yaxın bu cür yeni tipli komplekt transformator məntəqəsi quraşdıraraq istifadəyə verilib.

Səhmdar Cəmiyyət respublikamı­zın bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində elektrik təminatının yenidən qurulması istiqamətində mü­hüm layihələr reallaşdırıb. Məsələn, bir faktı xatırlatmaq istərdim: Zaqa­tala rayonunun Qalal kəndi 35 illik fasilədən sonra 24 saat dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Bu kənd rayon mərkəzindən 30 kilometr məsafədə, Rusiya ilə sərhəddə yerləşir. Kənd sakinləri uzun illərdi ki, necə deyərlər, işıq üzünə həsrət qalmışdılar. “Azərişıq” ASC tərəfindən bu problem daxili im­kanlar hesabına birdəfəlik həll edildi. Yaxud, tarix boyu elektrik enerjisi olmayan Astaranın ucqar Şəvqo, Sekaşan, Doli və Diqo kəndlərində də belə bir çətinlik aradan qaldırıldı. Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə, ən çətin relyefdə yerləşən həmin kəndlərdə texnikadan istifadə etmək mümkün olmadığın­dan əl əməyi ilə şəbəkə quruldu. Beləliklə, heç vaxt işığı olmayan 169 yaşayış evinin və ya 1000-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 10 kilometr 10 kV-luq və 22,4 kilometr 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətt çəkildi, 10/0,4 kV-luq müxtəlif güclərdə 7 ədəd komplekt transformator məntəqəsi quraşdırıldı.

“Azərişıq” ASC müharibə şəraitində olan ölkəmizdə cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə də daim xüsusi diqqət və qayğı göstərib. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnələn, istismara yararsız hala düşən elektrik dayaqları dəyişdirilib, naqillər, trans­formatorlar yeniləri ilə əvəzlənib və müasir tipli yarımstansiyalar quraş­dırılıb. Bir sözlə, cəbhə bölgəsinin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzində sax­lanılıb. Prezident İlham Əliyevin “İş­ğaldan azad edilmiş Cəbrayıl rayonu­nun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar müvafiq infrast­rukturun yaradılması, o cümlədən, ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılıb, burada müasir standartlara cavab verən 35/10 kV-luq yeni ya­rımstansiya işə salınıb.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tapşı­rıqlarına uyğun olaraq, cəbhəyanı ərazilərdə elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir, yeni elektrik xətləri çəkilir, paylaşdırıcı şəbəkələr gücləndirilir və genişləndirilir. Bununla əlaqədar olaraq, “Azərişıq” ASC Ağdam rayonu ərazisində elektrik enerjisi şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması üzrə layihənin ic­rasına başlayıb. İlkin mərhələdə Qu­zanlı qəsəbəsi yaxınlığında və Soltan­bud meşə massivi boyunca yerləşən 230 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrində paylayıcı elektrik şəbəkəsi tamamilə yenidən qurulur, o cümlədən yeni güc mərkəzləri yaradılmaqla açıq naqillərdən ibarət xətlər kabel xətləri ilə əvəzlənir. Görülmüş işlərin nəticəsində əhalinin elektrik enerjisi verilişində fasilələr tam aradan qaldıracaqdır.

Son illərdə elektroenergetika sahəsində elektron-rəqəmsal sayğac­ların istismara verilməsinin diqqət mərkəzində saxlanılması möv­cud sistemdə insan amili təsirinin minimallaşdırılması ilə bağlıdır. Belə ki, məsafədən oxunma cihaz­ları olan “Alfa metronika RTU” alış nöqtələrində quraşdırılır və xüsusi proqram təminatı mərkəzi idarəetmə bazasına inteqrasiya olunur.

Hazırda “Elster” tipli sayğaclar, quraşdırılma və istismar yerindən ası­lı olaraq: saatlıq, sutkalıq, həftəlik və aylıq (cari ay və ya 4 həftə müddəti götürülür) sərfiyyat göstəricilərini virtual yaddaş blokunda toplayır, avtomatik olaraq mərkəzə ötürür (əvvəlcədən qurulmuş virtual sse­nari üzrə), eyni zamanda, istənilən müdaxilə və ya istismar şərtlərini pozan şərait yarandığı hallarda sayğac mərkəzə müvafiq xəbərdarlıq (alarmtipli) məlumatlarını da çatdırır. Generasiya olunan informasiyalar şifrələnir, mərkəzə çatdırıldıqda isə deşifrə olunaraq xüsusi cədvəllər şəklində monitorda əks etdirilir.

Onu da xatırladım ki, 2011-ci ildən tətbiqinə start verilən SMS Smart sayğacların istismarını tam şəkildə həyata keçirmək məqsədilə müəssisənin intellektual texnolo­giyalar mütəxəssisləri tərəfindən xüsusi SİMS proqram təminatı işlənib hazırlanıb. Bu proqram vasitəsilə SMS Smart sayğacların oxunması, balans artırılması, alarm - xəbərdarlıq mesajlarının alınması, məsafədən tarif cədvəlinin qurulması, abonen­tin ödənişləri/sərfiyyatı (gündəlik, həftəlik, aylıq, yarım illik və illik) haqda tam məlumatların alınması/ verilməsi, abonentin mobil telefonu­na faydalı məlumatların ötürülməsi təmin edilir. SMS Smart tipli sayğaclar GSM - mobil rabitə kanalı vasitəsilə, şifrələnmiş informasi­ya mübadiləsi rejimində fəaliyyət göstərir və funksional imkanları tətbiq şəraitinə uyğun qabaqcadan proqramlaşdırılır.

Əhali və qeyri-əhali istehlak­çı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması “Azərişıq” ASC-nin yeni elektron xəritə sistemi vasitəsilə həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyəti ilə vətəndaşlara göstərilən xidmətdə də mütəmadi yeniliklər edilir. Belə yeniliklərdən biri də Səyyar “ASAN xidmət” vasitəsidir. Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş Səyyar “ASAN xidmət”ə sənədlərini təqdim edir. Qeyd olunan obyekt elektron xəritənin məlumat baza­sında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra “Azərişıq” ASC-nin əməkdaşları operativ göstərilən ünvana yollanır, vətəndaşın obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün sayğac quraşdırılır.

Əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, elektrik xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bir iş günü ərzində həllini tapır, şəffaflıq tam təmin olunur.

Qeyd edək ki, “ASAN xidmət”lə “Azərişıq” ASC-nin birgə göstərdiyi xidmətlər təkcə abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması pro­sesi ilə yekunlaşmır. Eyni zamanda, abonentlərin elektrik enerjisinə ödənişlərinin (borclarının) araşdı­rılması, əhali və qeyri-əhali isteh­lakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası və yenilənməsi və s. xidmətlər göstərilir. Bütün bu müraciətlər “bir pəncərə” prinsipi əsasında təmin olunur. İstehlakçının istənilən tələb və təklifini dərhal etmək üçün səhmdar cəmiyyətdə “Qaynar xətt” fəaliyyət göstərir. Abonentin çağrışını dərhal icra etmək üçün “Qəza xidməti” də fəaliyyətdədir.

Abonentlərinə müxtəlif elektron xidmətlər də göstərən “Azərişıq” ASC-nin fəaliyyətində kadr siyasətinə də xüsusi diqqət verilir. Ən son elmi-texniki yeniliklərə əsaslanan texno­logiya və avadanlıqlardan istifadə, eləcə də şəbəkənin inkişaf tempi­nin ildən-ilə sürətlənməsi və işin həcminin durmadan artması müasir tələblərə cavab verən yüksəkixtisaslı işçilərin sayının artırılmasını və fəaliyyətdə olan kadrların ixtisası­nın daha da təkmilləşdirilməsi üçün elektroenergetika sahəsində ilk dəfə olaraq müasir tələblərə cavab verən tədris mərkəzi yaradılıb.

“Azərişıq” ASC fəaliyyəti ərzində generasiya güclərinin artırılmasın­da da fəal iştirak edib. Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli sərəncamın icrası ilə əlaqədar səhmdar cəmiyyətin balansına verilən Xızı rayonunun Yeni Yaşma və Şu­rabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarda (KES) təmir və bərpa işlərinə başlanılıb. Stansiya­ların istehsal etdiyi elektrik enerji­sini ötürülməsi üçün “Yeni Yaşma” KES-in ərazisində 20/110 kilovoltluq 2x40 MVA gücündə və 10/35 kilo­voltluq 4 MVA gücündə yarımstansi­yalar inşa edilib, 110 kilovoltluq 4-cü Yaşma və 35 kilovoltluq Yaşma Bağ­ları hava xətləri ilə əlaqələndirilib.

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq “Azərişıq” ASC-yə aid 3 stra­teji hədəfi, 3 prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə müvafiq işlər tamamilə yerinə yetirilib.

“Azərişıq” ASC tərəfindən 2025-ci ilədək respublika üzrə elektrik enerjisinə olan tələbatın proq­noz göstəricilərinə dair məlumatlar hazırlanaraq, “Azərenerji” ASC ilə razılaşdırılıb, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatın proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin işçi qrupuna təqdim edilib. Bir sözlə, respublika­nın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilməkdədir.

Artıq ölkəmiz Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strate­giya ilə elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilərək davamlı inkişafı ilə regionun lider dövləti statusuna sahib çıxıb. Dün­ya birliyinin etibarlı tərəfdaşı olan Azərbaycanın adı inkişaf etməkdə olan dövlətlər sırasında çəkilməsi isə bizə xüsusi qürur verir. Təbii ki, bu qürur hissi, ilk növbədə, cənab İlham Əliyevin yorulmaz, səmərəli fəaliyyəti ilə bağlıdır. Möhtərəm Prezidentin gərgin əməyi və səyi nəticəsində müəyyənləşən yeni inkişaf konsepsi­yası ölkəmizin enerji sektorunun da bütünlüklə yenilənməsinə səbəb olub. Bu işdə az da olsa payımızın olması bizə sevinc hissi bəxş edir. Bugünkü işıqlı günlər, sevincli anlar dünyaya günəş kimi nur saçan möhtəşəm bir ölkənin - Azərbaycanın təntənəsidir.

Sevindirici haldır ki, cənab İlham Əliyev aprelin 20-də “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin yuxarıda qeyd edilən açılış mərasimində görülən işləri yüksək qiymətləndirdi. Dövlətimizin başçısı vurğuladı ki, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib, Respublikanı qonşu dövlətlərlə birləşdirən yüksək gərginlikli xətlər inşa edilib, bir çox yerlərdə yeni ya­rımstansiyalar tikilib, transformator­lar quraşdırılıb: “Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevin­dirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər: “Bizim enerji potensialımız artan iqtisadi inkişafı­mıza uyğun olmalıdır. Eyni zaman­da, “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Çünki bu stansiyaların əksəriyyəti çoxdan tikilib. Bu stansi­yalarda mövcud vəziyyət bizi heç cür qane edə bilməzdi”.

Azərbaycan Respublikası Prezi­dentinin enerji təsərrüfatında görülən işlərə verdiyi belə yüksək qiymət biz energetiklərin məsuliyyətini daha da artırır. Ötən 5 il ərzində əldə edilən müsbət göstəricilər bu yolda inamla irəli gedəcəyimizi, ölkə başçısının etimadını yüksək səviyyədə doğrulda biləcəyimizi deməyə əsas verir. Xal­qımızı, Prezidentimizi əmin edirik ki, Azərbaycan energetikləri üzərlərinə düşən şərəfli missiyanı bundan sonra da ləyaqətlə davam etdirəcək və Azərbaycanın tarixdəki ən qüdrətli mərhələsinin yaradılması prosesində yaxından iştirakları ilə hər zaman qürur duyacaqlar.

Vüqar ƏHMƏDOV,
“Azərişıq” ASC-nin sədri