Bakıelektrikşəbəkə və Sumqayıtelektrikşəbəkə səhmdar cəmiyyətlərinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

28.06.2018 / 64 baxış

"Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin xidmət göstərdiyi ərazilərdə elektrik şəbəkələrinin aktivlərinin bu səhmdar cəmiyyətlərinə qaytarılması ilə əlaqədar keçirilmiş ekspert müayinələri nəticəsində müəyyən edilmişdir ki, son illər şəbəkələrin idarə edilməsi zamanı onların maddi-texniki bazasının möhkəmləndirilməsinə sərmayə qoyuluşunun əhəmiyyətli dərəcədə aşağı enməsi və istismar xərclərinin tam həcmdə maliyyələşdirilməməsi nəticəsində şəbəkə avadanlıqlarının və infrastrukturunun texniki vəziyyəti xeyli pisləşmiş, elektrik təchizatının davamlı surətdə təmin edilməsi çətinləşmişdir.

Səhmdar cəmiyyətlərinin payız-qış mövsümünə hazırlığının artırılması, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsi, elektrik şəbəkələrində lazımi həcmdə təmir-sazlama və yenidənqurma işlərinin aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının artırılması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə 15,0 milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu sərəncamın 1-ci bəndinə müvafiq olaraq ayrılmış vəsaitin "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətləri üzrə bölüşdürülməsini həyata keçirsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 15 noyabr 2006-cı il

 1779

Azərbaycan qəzetində dərc edilmişdir (16 noyabr 2006-cı il,  257)

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 noyabr 2006-cı il,  11, maddə 968) .