Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28.06.2018 / 68 baxış

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 1 fevral 2005-ci il.

? 187.

«Azərbaycan» qəzetində dərc edilmişdir (2 fevral 2005-ci il, ? 24) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2005-ci il, ? 2, maddə 63) («VES Consultancy» LLC).

6 mart 2008-ci il tarixli, 719 nömrəli Fərmana əsasən dəyişikliklər və əlavələrlə («VES Consultancy» LLC).


Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 1 fevral tarixli
187 nömrəli fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra—Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra—qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Komitə bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaları yerinə yetirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə qarşılıqlı fəaliyyət göstərir.

1.4. Komitənin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.5. Komitə müstəqil balansa, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malikdir.

1.6. Komitə Bakı şəhərində yerləşir.

2. Komitənin əsas vəzifələri

Komitənin əsas vəzifələri aşağıdakılardır:

2.1. qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;

2.2. qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq dövlət proqramlarının layihəsini hazırlamaq və onların yerinə yetirilməsini təşkil etmək;

2.3. qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək;

2.4. qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək;

2.5. qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyəti, ehtiyacları, onların ölkədaxili miqrasiyası barədə məlumat toplamaq, təhlil etmək, ümumiləşdirmək və tövsiyələr hazırlamaq;

2.6. qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmasına şərait yaratmaq məqsədi ilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə məqsədyönlü iş aparmaq;

2.7. qaçqın və məcburi köçkünlər üçün ayrılmış büdcə vəsaitindən səmərəli istifadəni təmin etmək;

2.8. məcburi köçkünlərin yığcam məskunlaşdıqları yerlərdə və qəsəbələrdə kommunal xidmətlərin yaxşılaşdırılmasını təmin etmək;

2.9. qanunvericiliklə müəyyən olunmuş qaydada və əsaslarla «qaçqın» və «məcburi köçkün» statusu verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək;

2.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Komitəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

3. Komitənin əsas funksiyaları

Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir:

3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla «qaçqın» və ya «məcburi köçkün» statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;

3.2. qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq və yerli ictimaiyyətə çatdırılmasını aidiyyəti icra hakimiyyəti orqanları vasitəsilə həyata keçirir;

3.3. qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli sahəsində normativ-hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflər verir;

3.4. qaçqınlar və məcburi köçkünlər üçün mənzil, sosial və texniki infrastruktur obyektlərinin tikintisinə cəlb olunmuş tikinti təşkilatlarının işinə sifarişçi kimi nəzarət edir;

3.5. qaçqınlar və məcburi köçkünlər üçün zəruri sosial obyektləri olan qəsəbələrin və yığcam yaşayış məntəqələrinin layihələşdirilib tikilməsi ilə bağlı təkliflər verir, onlar üçün iş yerlərinin açılması məqsədi ilə istehsal infrastrukturunun yaradılmasında müvafiq qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir;

3.6. məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir;

3.7. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin işlə təmin edilməsi, peşə hazırlığı kurslarının təşkili, onların kiçik sahibkarlıqla məşğul olmaları üzrə tədbirlər görür;

3.8. qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə və repatriasiya dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirləri həyata keçirir;

3.9. işğal olunmuş ərazilər barədə məlumat toplusunun hazırlanması, həmin ərazilərin işğaldan əvvəlki sosial-iqtisadi vəziyyətinin, qaçqınların və məcburi köçkünlərin problemlərinin, ehtiyaclarının, mövcud həyat şəraitinin beynəlxalq və yerli ictimaiyyətə çatdırılması üçün aidiyyəti icra hakimiyyəti orqanları ilə əlaqəli tədbirlər görür;

3.10. qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;

3.11. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir;

3.12. «Qaçqın» statusu alan şəxslərin yerli şəraitə uyğunlaşması və onların sosial problemlərinin həlli üzrə zəruri tədbirlər görür;

3.13. qaçqınların və məcburi köçkünlərin qəbulu, yerləşdirilməsi və sosial müdafiəsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər həyata keçirir;

3.14. beynəlxalq qeyri-hökumət təşkilatları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası sahəsində əməkdaşlıq məsələlərinə dair müəyyən olunmuş qaydada məsləhətləşmələr və danışıqlar aparır;

3.15. əmək kollektivlərindən, ictimai və özəl təşkilatlardan, xarici dövlətlərdən və ayrı-ayrı şəxslərdən daxil olan, qaçqın və məcburi köçkünlərin ehtiyacları üçün nəzərdə tutulmuş müxtəlif növ yardımların qəbulu, qeydiyyatı, saxlanılması, bölüşdürülməsi və ünvanlı çatdırılması işini müəyyən edilmiş qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə təmin edir;

3.16. qaçqınlar və məcburi köçkünlərlə aparılan işin vəziyyətinə dair materialları təhlil edir, analitik məlumat hazırlayır və müvafiq kitablar, broşürlar, sorğu-məlumat bülletenləri və s. nəşr etdirir;

3.17. məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş və Komitənin balansına götürülmüş mənzil fondunun qorunub saxlanılmasını və istismarını təmin edir;

3.18. qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbələrin və yığcam yaşayış məntəqələrinin və həmin məntəqələrdə müəssisələrin, yaşayış və sosial-mədəni obyektlərin yerləşdirilmə sxemini müvafiq qurumlarla razılaşdırmaqla təsdiq edir, müəyyən olunmuş qaydada obyektlərin layihələndirilməsi tapşırığını yerinə yetirir;

3.19. öz səlahiyyətləri daxilində mənzil, sosial, mədəni-məişət obyektlərinin tikilməsi, qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşması, işlə təmin edilməsi, onlara torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər hazırlayır;

3.20. qaçqınların və məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur, işğaldan azad edilmiş yaşayış məntəqələrinin, qəsəbə və kəndlərin bərpası, kommunikasiya xətlərinin, avtomobil yollarının, elektrik xətlərinin, su və qaz kəmərlərinin, istehsal sahələrinin, sosial obyektlərin normal vəziyyətə salınması sahəsində işləri müvafiq icra hakimiyyəti orqanları, beynəlxalq, yerli qeyri-hökumət təşkilatları və maliyyə qurumları ilə qarşılıqlı əlaqədə həyata keçirir;

3.21. qaçqınların və məcburi köçkünlərin dövlət tərəfindən maliyyə təminatı ilə bağlı dövlət büdcəsi layihəsi üzrə hesablamalarda iştirak edir, bu sahədə təkliflərini aidiyyəti dövlət orqanlarına təqdim edir;

3.22. qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzil-məişət problemləri üzrə layihələrə müvafiq dövlət orqanları ilə birlikdə baxılmasını təşkil edir;

3.23. qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və digər problemlərinin həlli ilə əlaqədar məsələləri müvafiq dövlət orqanları və beynəlxalq təşkilatlar tərəfindən keçirilən konfranslarda, seminarlarda və başqa tədbirlərdə müzakirə edir;

3.24. tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, obyektlərin istismara verilməsi və vəsaitin xərclənməsi haqqında hesabatları qanunvericiliyə uyğun olaraq, müvafiq orqanlara təqdim edir;

3.25. səlahiyyətlərinə aid məsələlər üzrə beynəlxalq əməkdaşlığı həyata keçirir, beynəlxalq müqavilələrin (sazişlərin) layihələrinin hazırlanmasında iştirak edir, konfransların, seminarların və s. tədbirlərin keçirilməsini təşkil edir;

3.26. qaçqınlara və məcburi köçkünlərə onların müraciətləri əsasında mövcud imkanlar hesabına humanitar ərzaq və qeyri-ərzaq yardımının verilməsini təmin edir;

3.27. qaçqınların və məcburi köçkünlərin ərizə və şikayətlərinə baxır və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görür;

3.28. qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.

4. Komitənin hüquqları

Öz vəzifə və funksiyalarını həyata keçirmək üçün Komitənin aşağıdakı hüquqları vardır:

4.1. qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

4.2. Komitənin səlahiyyətlərinə aid olan məsələlər üzrə qanunvericilik aktlarının layihələrini hazırlayıb müvafiq dövlət orqanlarına təqdim etmək;

4.3. qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq;

4.4. Komitənin səlahiyyətlərinə dair məsələlər üzrə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkə ərazisində yerləşən müəssisə, idarə və təşkilatlardan məlumatlar almaq;

4.5. məcburi köçkünlərin aylıq yemək xərcləri üçün nəzərdə tutulmuş müavinətin və yardımın ünvanlı çatdırılmasına nəzarət etmək, bu sahədə qanun pozuntuları aşkar edildikdə, onların aradan qaldırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək və zəruri hallarda, müvafiq orqanlara müraciət etmək;

4.6. qaçqınların və məcburi köçkünlərin miqrasiyası sahəsində dövlət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə tədbirlər görmək;

4.7. qanunvericiliklə müəyyən edilmiş qaydada, səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı təlimatlar, qaydalar və digər normativ sənədlər hazırlamaq, onları müvafiq dövlət orqanları ilə razılaşdıraraq təsdiq etmək;

4.8. xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq;

4.9. qanunvericilikdə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Komitənin fəaliyyətinin təşkili

5.1. Komitənin mərkəzi aparatı, onun strukturunda olan regional şöbələr və digər qurumlar Komitənin vahid sistemini təşkil edir.

5.2. Komitənin ştat sayının həddi və Komitə sisteminə daxil olan təşkilatların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.3. Komitəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan sədr rəhbərlik edir. Sədr Komitəyə həvalə olunmuş vəzifələrin, funksiyaların və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən bir müavini vardır.

5.5. Komitənin sədri:

5.5.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. Komitənin mərkəzi aparatının struktur bölmələrinin və onun tabeliyində olan təşkilatların əsasnamələrini təsdiq edir;

5.5.3. müəyyən edilmiş əmək haqqı fondu və işçilərin say həddi daxilində Komitənin mərkəzi aparatının və onun büdcədən maliyyələşən qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.5.4. Komitənin mərkəzi aparatının işçilərini, tabeliyində olan struktur bölmələrinin rəhbər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir. Onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.5. qüvvədə olan qanunvericilik əsasında icrası məcburi olan əmr və sərəncamlar verir.

5.6. Komitədə sədrdən, onun müavinindən, Komitənin rəhbər işçilərindən ibarət Kollegiya fəaliyyət göstərir.

5.7. Komitənin Kollegiyasının tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.8. Kollegiyada Komitənin əsas fəaliyyəti və işinin təkmilləşdirilməsi məsələlərinə baxılır, qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərlə bağlı siyasətin həyata keçirilməsi, çıxarılmış qərarların icrası, kadrların seçilməsi, yerləşdirilməsi, tabeliyində olan struktur bölmələrinin fəaliyyəti müzakirə edilir və müvafiq qərarlar qəbul olunur.

5.9. Kollegiya öz iclaslarında səlahiyyətləri daxilində digər məsələlərə də baxır.

5.10. Komitənin Kollegiya iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Kollegiyanın qərarları, bir qayda olaraq, sədrin əmri ilə həyata keçirilir.

5.11. Kollegiya qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

5.12. Komitənin Kollegiyasının iclaslarına, zəruri hallarda, iştirak etmək üçün digər icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların nümayəndələri dəvət edilə bilər.