Prezident İlham Əliyev Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılış mərasimində iştirak edib.

 

     Dövlət başçısına yarımstansiya barədə ətraflı məlumat verildi. Bildirildi ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeni “Daş Salahlı” yarımstansiyası inşa edilib. 

 

     Diqqətə çatdırıldı ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, “Daş Salahlı” artıq 22 kəndi, 19364 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

 

     Bildirildi ki, yarımstansiya Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı, sənaye obyektlərini, o cümlədən mövcud sement, beton zavodlarını, əhəng karxanasını, “Azrosprominvest” müəssisəsini, “Mətanət A” şirkətini, digər emal müəssisələrini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələr üzrə inşa ediləcək obyektləri elektrik enerjisi ilə tam təmin edəcək.

 

     Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.

 

     Sonra foto-video slayd vasitəsilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlər barədə məlumat verildi.

 

     Dövlət başçısı “Daş Salahlı” yarımstansiyasını işə saldı.

 

     Prezident İlham Əliyevə 110 kilovoltluq açıq paylayıcı quruluşun və yarımstansiyanın ətrafında görülmüş abadlıq işləri barədə də məlumat verildi.

  

 

 

 

 

 

 

 

 

Digər xəbərlər