• Azerbaijan
  • English
  • Russian

Texniki şərt

Qeyd: Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla sifarişçilərin elektrik şəbəkəsinə qoşulmasına görə ödəniş tələb olunmur.


Fiziki və hüquqi şəxslərin enerji qəbuledicilərinin (elektrik qurğularının) «Azərişıq» ASC-nin və abonentlərin elektrik şəbəkələrinə qoşulma QAYDALARI 


Tələb olunan gücü 200 KVT-adək olan sifarişçilərin elektrik enerjisi qəbuledicilərinin (elektrik qurğularının) “Azərişıq” ASC-nin və abonentlərin 0.4 kV-luq elektrik şəbəkələrinə qoşulma QAYDALARI (12/10/2012 tarixli əmrlə təsdiq edilmişdir )


Texniki şərtlərin verilməsi prosedur qaydaları haqqında məlumat


Texniki şərtlər nə üçündür?


Yeni, yaxud yenidən qurulan, elektrik gücünü artıran, həmçinin enerji təchizatı sxemini dəyişən elektrik enerjisi tələbatçıları elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlər alınmalıdır. Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri (yarımstansiya, transformator məntəqəsi, paylayıcı qurğu və ya paylayıcı lövhə, elektrik veriliş xətti və c.), gərginliyin səviyyəsi, qoşulması nəzərdə tutulmuş gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir.

 

Abonent nə vaxt müraciət etməlidir?

 

Obyektin tikinti-quraşdırma işlərinə başlamazdan əvvəl onun elektrik təchizatına texnki şərtlərin verilməsi üçün müraciət olunmalıdır.

 

Hansı sənədlər tələb olunur?


Elektrik təchizatına texniki şərtlərin alınması üçün aşağıda göstərilən sənədlər təqdim olunmalıdır:

  • İdarə Heyəti sədrinin adına müraciət (məktub və ya ərizə);
  • Obyektin tələb etdiyi elektrik gücünün layihə institutu və ya lisenziyası olan layihə müəssisəsi tərəfindən hesabatı;
  • Mövcud obyektlərin məxsusluğunu təsdiq edən sənəd (şəhadətnamə, texniki pasport, sərəncam), fəaliyyətini təsdiq edən sənəd (sərəncam, VÖEN);
  • Yeni obyektlər üçün ayrılmış torpaq sahəsinin sərəncamı və cizgisi (plandan çıxarış və ya texniki pasport);
  • Əgər obyektin yerləşdiyi ərazinin yaxınlığında “Azərişıq” ASC-yə məxsus elektrik şəbəkəsi olmazsa, onda yaxınlıqda şəbəkəsi olan abonentin (müəssisənin) rəsmi icazəsi;
  • Obyektin tələb etdiyi güc 800 kVt-dan artıq olduqda, obyektin şəbəkəyə birləşdirilməsinə “Azərenerji” ASC-nin icazəsi.

Abonent texniki şərt aldıqdan sonra nə etməlidir?


Tikinti işlərinə başlanılmazdan əvvəl obyektin elektrik təchizatına verilmiş texniki şərtlər əsasında hazırlanmış layihə texniki şərti vermiş təşkilatla və “Dövlət Enerjinəzarət” idarəsi ilə razılaşdırılmalıdır. Yalnız bundan sonra razılaşdırılmış layihə əsasında elektrik-quraşdırma işləri yerinə yetirilə bilər.

Elektrik-quraşdırma işləri “Azərişıq” ASC-nin razılığı əsasında və onun müvafiq rayon Enerji Təchizatı və Satışı İdarəsinin nəzarəti altında yüksək keyfiyyətlə, təcrübəli, səriştəli, kifayət qədər maddi-texniki bazaya malik, lisenziyası olan personallar tərəfindən abonentin vəsaiti hesabına yerinə yetirilməlidir.

Obyektin şəbəkəyə birləşdirilməsi “Azərişıq” ASC ilə enerji alqı-satqı müqaviləsi bağlandıqdan, Azərişıq” ASC-nin Nəzarət Departamentindən və “Dövlət Enerjinəzarət” idarəsindən işəburaxma aktı alındıqdan sonra mümkün olacaqdır.