• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC abonentlər üçün edilən son yeniliklər barədə hesabat verdi

Paylaşma tarixi: 07 avqust 2018


Artıq evə və ya bağa elektrik enerjisi çəkdirmək vahid tariflə hesablanacaq, bir fazlı xətti üç fazlıya çevirmək yalnız ASAN xidmət vasitəsi ilə gerçəkləşəcək

 

“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərdə yeniliklər edilib. Bunu bu gün keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin Perspöektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsinin rəisi Elsevər Rüstəmli bildirib. Onun sözlərinə görə bir neçə gün əvvəl Nazirlər Kabineti əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 327 nömrəli qərar verib və həmin qərara əsasən evinə, bağına və ya həyətinə 20 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı xətlə elektrik enerjisi çəkdirmək istəyən abonentlər üçün qoşulma haqqının vahid məbləği müəyyən edilib. “Əvvəlki qayda ilə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər ucuzlaşdırılıb. Paralel olaraq Azərişıq ASC-nin ötən ayın sonunda tətbiq etdiyi başqa bir yeniliyə görə artıq istehlakçıların enerji təchizatı sxemi dəyişdirilməsi - bir fazalıdan üç fazlıya və ya əksinə, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsi yalnız və yalnız “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirilir”.

 

 

Elsevər Rüstəmli bildirib ki, ümumilikdə 2018-ci ilin arxada qalan 7 ayı ərzində “Azərişıq” ASC-nin “ASAN” brendi vasitəsi ilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb. Daha doğrusu mart ayında  “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu”, may ayında isə “yük hesabatının hazırlanması” və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların  avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb.

 

 

Həmin xidmətlərin hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət daşıyır. Ələxsus sıralamada 13-cü olan “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların  avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidməti istehlakçılar üçün çoxdan gözlənilən xidmət hesab olunur. Çünki Azərişıq ASC-nin balansında olmayan istehlakçıların balansında olan elektrik avadanlıqlarının istismarı zamanı, qəzalar, zədələnmələr, yanğınların qarşısının alınması və ya ortaya çıxan problemlərin aradan qaldırılması üçün bu xidmət olduqca vacib xidmətdir.

 

“Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsi ilə göstəridi 13 xidmət arasında heç şübhəsiz əhali və qeyri əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiqi abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri də xüsusi önəm daşıyır. Bu səbəbdəndir ki, Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib. Həmçinin “Azərişıq» ASC-nin rəsmi saytında «Elektrik şəbəkəsinə necə qoşulaq» adlı xüsusi bölmə yaradılıb, və texniki şərtlərin verilməsinin yenilənmiş yeni qaydaları əks olunub. Ələxsus sosial şəbəkələrlə iş intensivləşdirilib “Azerishiq ASC” adlı “facebook”, “azerishiq.az” adlı “instagram” səhifələrində bütün yeniliklər, tariflər özünə yer alıb, şikayət və təkliflər bu dəqiqə də qəbul edilməkdədir. ASC-nin Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN kommunal” mərkəzlərində qəbul olunurdusa, ilin əvvəlindən etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində sahibkarların müraciətləri qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınıb, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.

 

Sonda Elsevər Rüstəmli məlumat verib ki, aparılan islahatlar və yeniliklərdən sonra 2018-ci ilin 7 ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsi ilə  11500-ə qədər evinə, bağına yaxud həyətinə işıq çəkdirmək istəyən vətəndaş, 1700-ə qədər obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkar müraciət edib. “Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla müraciətlərin böyük əksəriyyəti icra olunub. Ümumilikdə isə 7 ay ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət edilib”.