• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Təhsil Nazirliyi ilə “Azərişıq” ASC-nin birgə layihəsi öz nəticəsini verib

Paylaşma tarixi: 29 iyun 2018


Müştərək layihə çərçivəsində Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistrləri daha peşəkar kadr olaraq yetişdirilir.

 

Təhsil Nazirliyinin dəstəyi ilə “Azərişıq” ASC ölkənin elektroenergetika üzrə kadr hazırlayan ali təhsil müəssisələri ilə Müştərək Magistr Hazırlığı layihəsi həyata keçirir. Buna başlıca zəmin isə son illər paylayıcı elektrik şəbəkələrində gedən yenidənqurma işləri və yeni texnologiyaların şəbəkələrə tətbiqinin gənc kadrların istehsalatın tələb etdiyi sahələrdə hazırlığı ilə bağlıdır.

 

Məhz həmin layihənin davamı olaraq “Azərişıq” ASC-nin Tədris Mərkəzində Təhsil Nazirliyi, “Azərişıq” ASC və Dövlət Neft və Sənaye Universitetinin nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirilib.

 

 

 

Bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd elektroenergetika üzrə ali təhsil müəssisələrinin magistr pilləsində təhsil alan tələbələrin dissertasiya işlərinin hazırlanmasında “Azərişıq” ASC-nin maddi-texniki bazasından, müasir laboratoriyalarından yararlanmasını təmin etmək, eyni zamanda, paylayıcı şəbəkələrin elektrik enerjisinin keyfiyyət göstəricilərinin normallaşdırılması, o cümlədən texniki və texnoloji itkilərin minimallaşdırılması, tələb olunan səmərəli elektrik təchizatı sxeminin formalaşdırılması, xüsusilə elektroenergetika sahəsində gələcək çağırışlara və real inkişafa cavab verəcək elmi potensialın istehsalata inteqrasiyasına nail olmaqdır.

 

 

Müştərək Magistr Hazırlığı layihəsinin əsas qayəsini təşkil edən detallara gəldikdə isə vurğulanıb ki, magistrlərə təqdim edilən dissertasiya mövzuları elektroenergetikanın, xüsusilə ölkənin paylayıcı elektrik şəbəkələrinin aktual problemlərini və sahənin inkişafını əhatə etməklə, “Azərişıq” ASC tərəfindən müəyyənləşdirilir. Yəni magistrlərə universitet tərəfindən elmi rəhbərlə yanaşı, “Azərişıq” ASC–nin təcrübəli mühəndisləri ikinci dissertasiya rəhbəri (istehsalat rəhbəri) kimi təyin olunur. Paralel olaraq layihə qaydalarına uyğun olaraq istehsalat rəhbərləri magistrlərə lazımi materiallar, dərs vəsaitləri, proqram təminatları və s. ilə təchiz edilməklə, mənbələr göstərilməklə istiqamətləndirir. Eyni zamanda, istehsalat rəhbərləri magistrlərə diplom işlərinin mövzusundan asılı olaraq Bakı və regional şəbəkələrin elektrik qurğuları (yarımstansiyaları, EVX-lər, Dispetçer İdarəetmə mərkəzləri və s.) ilə tanışlığını təmin edir, üstəlik ayda 3 dəfədən az olmayaraq onlarla görüş keçirilərək, yaranmış sualları cavablandırır. Bu da öz növbəsində gənc kadrların formalaşmasında əhəmiyyətli rol oynayır.

 

Tədbirdə qeyd olunub ki, belə bir layihə artıq 2017-2018–ci tədris ilində Təhsil Nazirliyi, “Azərişıq” ASC və Dövlət Neft və Sənaye Universiteti tərəfindən birgə həyata keçirilib. Belə ki, ADNSU-nun “Elektroenergetika” kafedrası üzrə II kurs, 20 nəfər magistranta “Azərişıq” ASC tərəfindən dissertasiya işlərinin mövzuları təqdim olunub. Layihə çərçivəsində “Azərişıq” ASC tərəfindən istehsalatın gündəlik iş fəaliyyətində və perspektiv istiqamətlərində aktual olan dissertasiya mövzuları təqdim edilib və magistrantlara hərtərəfli dəstək göstərilib.

 

Nəticədə 10 nəfər magistrantın dissertasiya işlərinin müdafiəsi məhz bu gün Tədris Mərkəzində baş tutub.

 

Tədbirdə xüsusi olaraq qeyd olunub ki, universiteti bitirən həmin gənc kadrların gələcəkdə “Azərişıq” ASC-də işlə təmin olunmaları nəzərdə tutulub.

 

 

Bildirilib ki, təhsil müəssisələrində kadr hazırlığının istehsalata inteqrasiyası hesabına həyata keçirilən belə layihələr artıq ölkənin elektroenergetika sahəsində kadr çatışmazlığının aradan qaldırılmasına qismən də olsa nail olunmağın göstəricisidir.

 

Tədbirin sonunda bildirilib ki, belə layihə digər universitet və elm müəssisələri ilə də davam etdirilir.