• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Regionların elektrik enerjisi ilə təchizatında dönüş yaranıb

Paylaşma tarixi: 02 oktyabr 2017


Son 13 ildə tikilən 2400 meqavat gücündə 26 elektrik stansiyası sayəsində Azərbaycan daxili enerji tələbatını tam yerli istehsal hesabına ödəməyə nail olub

 

Azərbaycanın regional inkişaf strategiyasında bütün ölkə boyu müasir infrastruktur quruculuğu mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və respublikamızda 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq ayrı-ayrı bölgələrdə onlarca infrastruktur layihələri reallaşdırılıb və hazırda bu proses 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də davam etdirilir. Həyata keçirilən layihələr sayəsində Azərbaycanda qazlaşdırmanın səviyyəsini 93 faizə çatdırmaq mümkün olub. Son 13 ildə respublika miqyasında 11 min kilometrdən çox yol yüksək səviyyədə təmir edilib, eyni zamanda, çoxlu sayda körpülər, tunellər tikilib. Cari ildə şərti olaraq “40 yol” adlandırılan kənd yollarının abadlaşdırılması layihəsi çərçivəsində işlər intensiv şəkildə davam etdirilir. Böyük məbləğdə sərmayə qoyuluşu hesabına reallaşdırılan layihələr sayəsində ölkəmizdə Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən səviyyədə keyfiyyətli su alan şəhər və digər yaşayış məntəqələrinin sayı əhəmiyyətli dərəcədə artıb.

 

Eyni zamanda, regionlarda inşa edilən sosial infrastruktur obyektləri - hər cür rahatlıqlara, mükəmməl təchizata malik məktəblər, səhiyyə müəssisələri, Olimpiya İdman Kompleksləri göz önündə Azərbaycanın müasir mənzərəsini canlandırır. Aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinin nəticəsində ölkənin regionlarının siması da nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

 

Ölkə boyu yeni generasiya güclərinin yaradılması müasir infrastruktur quruculuğuna yaxşı nümunədir

 

Regionların sosial-iqtisadi inkişafına dair bəhs olunan Dövlət proqramları çərçivəsində həmçinin bütün ölkə boyu enerji təsərrüfatının yenilənməsi həyata keçirilir. Respublika miqyasında əhali və qeyri-əhali istehlakçılarının elektrik enerjisi ilə təchizatının dayanıqlığını təmin etmək məqsədilə yeni enerji gücləri yaradılır, mövcud xətlər, transformator məntəqələri təmir edilir, bütövlükdə təsərrüfat müasir avadanlıqlarla təchiz olunur. Belə ki, 2004-cü ildən bəri respublikamızda ümumi istehsal gücü 2400 meqavat olan 26 elektrik stansiyası tikilib. Nəticədə, Azərbaycanın enerji təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Qürurverici haldır ki, hazırda ölkəmiz həm daxili enerji istehlakını bütünlüklə yerli istehsal hesabına təmin edir, eyni zamanda, bu sahədə özünün ixrac imkanlarını daha da artırır.

 

Hazırda Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsinə böyük diqqət göstərilir. Bu məqsədlə indiyədək 12 su elektrik stansiyası istifadəyə verilib və daha beş stansiyanın inşası davam etdirilir.

 

“Azərişıq” regionlarda tikinti və yenidənqurma işlərini daha da genişləndirir

 

“Azərişıq” ASC regionların enerji təsərrüfatlarında tikinti və yenidənqurma işlərinin miqyasını getdikcə daha da genişləndirir. Bu baxımdan qurumun Mərkəzi Aran regionunda istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi, həmçinin istismar müddətini başa vurmuş elektrik şəbəkələrində texniki itkilərin aradan qaldırılması məqsədilə həyata keçirdiyi genişmiqyaslı təmir-tikinti və yenidənqurma işləri də diqqətəlayiqdir.

 

Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Ağsu, Yevlax, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da 1 milyondan artıq əhaliyə xidmət göstərilir. RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kv-luq və 55 ədəd 35 kv-luq yarımstansiyalarda əsaslı təmir işləri aparılıb, Ağsu və Goranboy rayonlarında 3 ədəd 110/35/10 kV-luq və 7 ədəd 35 kV-luq yeni yarımstansiyalar inşa edilib. Hazırda “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına daha 2 ədəd yeni yarımstansiya tikilir.

 

İqtisadi rayona daxil olan bölgələrdə 756 ədəd yüksəkgərginlikli, 65 min ədəd isə aşağı və ortagərginlikli elektrik dayaqları dəyişdirilib. Paralel olaraq 162 km yüksəkgərginlikli, 670 km 10-0,4 kV-luq hava xətləri çəkilib, həmçinin 2900 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) quraşdırılıb. Mingəçevir şəhərində, Ağsu, Ucar, Yevlax, Tərtər və Goranboy rayonlarında müasir standartlara cavab verən yeni ofis binaları inşa edilib. Bəhs olunan binalarda elektrik şəbəkələrinin tamamilə yenidən qurulması və avtomat idarəedilməsi üçün bütün şərait yaradılıb, işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqları ilə bərabər, kompüter texnikası quraşdırılıb, sürətli internetə çıxış təmin edilib. Burada nəzarət-monitorinq, avtomat idarəetmə kabinetləri, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.

 

Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsinə (Bakı RETSİ) daxil olan Qobustan Elektrik Şəbəkəsində də əhalinin davamlı elektrik enerjisi ilə təchizatı məqsədilə bir sıra layihələr həyata keçirilir. İstifadə müddəti başa çatmış naqillər, dayaqlar yenisi ilə əvəz olunur, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılır. Rayonda fəaliyyət göstərən 35-10 kilovoltluq yarımstansiyalar təmir olunub, 388 kilometr uzunluğunda 0,4 kilovoltluq hava xəttinin 97 kilometrlik hissəsi SİP kabellərlə əvəz olunub. 19 ədəd yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.

 

Yeni transformatorların quraşdırılması, SİB kabellərin çəkilməsi, yarımstansiyaların yenidən qurulması rayonun elektrik enerjisi ilə təminatında əsaslı dönüş yaradıb. Rayonda elektrik təsərrüfatı, demək olar ki, yenilənib. Hazırda 7088 abonentdən 3000-ə yaxınının mənzillərində elektrik enerjisi təchizatı SİB-ləşmiş kabellərlə həyata keçirilir. Bundan başqa, 82 km kabel yeniləri ilə əvəz olunub. 1619 ədəd istismar müddətini başa vurmuş ağac dayaqlar yeni metal dayaqlarla əvəzlənib. Rayonun mərkəzi küçələrində də ciddi işlər görülüb. Həyata keçirilən tədbirlər nəticəsində rayon elektrik şəbəkəsinin gücü 4348 kilovat artıb. Bu həmçinin itkilərin azalmasının nəticəsində əldə edilib. Bundan başqa, rayonda 4048 ədəd yeni sayğac quraşdırılıb və dəyişdirilib. Hazırda rayonun yaşayış məntəqələri üzrə istehlakçıların keyfiyyətli, etibarlı və təhlükəsiz elektrik enerjisi təminatı məqsədilə yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir.

 

Tarix boyu elektrik enerjisi almayan Astaranın Şəvqo kəndinə işıq verilməsi əlamətdar hadisədir

 

Ölkəmizdə reallaşdırılan “İşıqlı Azərbaycan” layihəsi çərçivəsində tarix boyu elektrik enerjisi almayan Astara rayonunun ucqar Şəvqo kəndinə işıq verilib. Meşənin içində, qayalıqlar arasında, bir sözlə, ən çətin relyefdə yerləşən bu kənddə texnikadan istifadə etmək mümkün olmadığından şəbəkə əl əməyi ilə qurulub.

 

Şəvqo kəndində 49 yaşayış evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətt çəkilib. 1 ədəd 10/0,4 kv-luq 63 kva gücündə transformator məntəqəsi quraşdırılıb. Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub. “Azərbaycanın hər bir nöqtəsi keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmalıdır” devizi üzərində qurulan “İşıqlı Azərbaycan” layihəsi sayəsində işıqlı günə çıxdıqları üçün kənd sakinləri ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

“Qaraqaşlı” yarımstansiyasının tikilməsi sayəsində Salyan rayonunda 31 min abonentin elektrik enerjisi ilə təchizatı yaxşılaşıb

 

Son illərdə regionlarda yeni yarımstansiyaların inşası da ölkə miqyasında enerji təchizatının yaxşılaşmasında mühüm rol oynayır. Prezident İlham Əliyev bu günlərdə Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.

 

Açılış mərasimində bildirilib ki, “Qaraqaşlı” yarımstansiyasının tikilməsi Salyan rayonunda 31 min abonentin elektrik təchizatının yaxşılaşdırılmasına, eləcə də bölgədə mövcud olan güc qıtlığının aradan qaldırılmasına səbəb olub. İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni yarımstansiyanın tikilməsi ilə yanaşı, istismar müddətini başa vurmuş elektrik şəbəkələrinin yenidən qurulması, həmçinin yüksək və aşağıgərginlikli yeni hava xətlərinin çəkilməsi həyata keçirilib. Yarımstansiyanın qidalandırılması məqsədilə 110 kV-luq “Birinci Neftçala” hava xəttinin giriş-çıxış və 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün 110 və 220 kV-luq qovşaq yarımstansiyaları əlaqələndirilib. Salyan rayonunun su təsərrüfatı üçün tələb olunan 11,5 MVA gücündə 35 kV-luq iki yarımstansiya da məhz bu yarımstansiyadan qidalandırılacaq. Odur ki, “İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq tikilən “Qaraqaşlı” yarımstansiyası rayonun elektrik enerjisi təchizatında xüsusi önəm daşıyır.

 

Yeni yarımstansiya Salyan rayonunun böyük hissəsini, xüsusən də dövlət əhəmiyyətli obyektləri - Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Salyan rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir. Bundan əlavə, qeyri-neft sektorunun - kənd təsərrüfatı, sahibkarlıq, sənaye sahələri və digər infrastruktur layihələri üzrə inşa ediləcək obyektlərin elektrik enerjisi ilə təminatı bu yarımstansiyadan həyata keçiriləcək. İşin operativ və səmərəli aparılması üçün yeni yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizə və avtomat sistemlər, eleqaz və vakuum tipli avadanlıqla təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.

 

Mübariz ABDULLAYEV