• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin Məlumatı

Paylaşma tarixi: 02 dekabr 2016


Məlum olduğu kimi, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli iclasında elektrik enerjisi üzrə tarif tənzimlənməsi aparılmış və diferensial tariflərin tətbiqi qərarlaşdırılmışdır.

 

Tarif Şurasının elektrik enerjisi ilə bağlı yeni tarif tənzimlənməsi barədə qərarında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmış, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunmuşdur.

 

Belə ki, əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün tarif dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdir.

 

Məlumat üçün bildiririk ki, əhali abonentlərimizin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün diferensial yanaşma çərçivəsində yeni tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək.

 

İstehlak həcminə görə diferensial tarif yanaşmasının mahiyyətini izah etmək üçün nümunə kimi orta aylıq elektrik enerjisi istehlakı (ardıcıl 30 təqvim günü ərzində) 250 və 300 kilovat-saat olan 2 əhali abonentinin elektrik enerjisi üçün ödənişini nəzərdən keçirək.

 

Birinci abonentin orta aylıq istehlakı 250 kilovat-saatdan çox olmadığına görə onun aldığı elektrik enerjisinin dəyəri 7 qəpiklə hesablanacağı üçün müvafiq xərci hazırda olduğu kimi 17,5 manat (250 kVts x 7 qəpik = 17,5 manat) səviyyəsində qalacaqdır.

 

Orta aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saat olan ikinci abonent isə köhnə rejimlə 21 manat (300 kVts x 7 qəpik = 21 manat) ödəniş edəcəyi halda, cari ilin 1 dekabr tarixindən həmin həcmin 250 kilovat-saatı üçün 17,50 manat (250 kVts x 7,0 qəpik = 17,50 manat), 250 kVts-dan artıq 50 kilovat-saata (300-250=50) görə isə 5,50 manat (50 kVts x 11qəpik = 5,5 manat) olmaqla, cəmi 23 manat ödəniş həyata keçirəcəkdir.